“The Jerusalem Post”: Cənubi azərbaycanlılara və digər etnik azlıqlara edilən zülmə sivil dünyanın susması utandırıcıdır
“Maarifpərvər” dünya — Avropa, ABŞ, Kanada, Avstraliya və digərləri İran rejiminin qeyri-fars mənşəli vətəndaşlarına davranışından və onlara etdiyi zülmün şiddətindən tam məlumatlıdır.
Crossmedia.az bu barədə Diaspor Komitəsinə istinadən xəbər verir.
Buna baxmayaraq, dünya İranın milyonlarla məzlum vətəndaşının maraqları uğrunda mübarizə aparmaq üçün heç bir iş görmür. Bu mənada cənubi azərbaycanlılara və digər etnik azlıqlara edilən zülmə sivil dünyanın susması utandırıcıdır.
Bu barədə İsrailin ərəb dünyası və İran üzrə tanınmış eksperti, İsrail Müdafiə Qüvvələrinin Kəşfiyyat Korpusunun sabiq polkovnik-leytenantı, bu ölkənin nüfuzlu Bar-İlan Universitetinin şərqşünaslıq elmləri üzrə professoru və universitetin Yaxın Şərq və İslam Tədqiqatları Mərkəzinin direktoru, Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı doktor Mordexay Kedar İsrailin və dünyanın ən nüfuzlu nəşrlərindən olan “The Jerusalem Post” qəzetində dərc olunan məqaləsində yazıb.
“İran öz vətəndaşlarını, xüsusən də cənubi azərbaycanlıları təqib edir” başlıqlı məqalədə qeyd olunub ki, milli hüquqlarını hətta dinc yolla müdafiə edən azərbaycanlı fəallar tez-tez saxlanılır, separatçı və ya milli təhlükəsizliyə təhdid kimi damğalanır və ədalətsiz məhkəmələrdə mühakimə olunurlar. 2025-ci ilin əvvəllərindən etibarən yayımlanan son hesabatlarda ən azı 24-ə yaxın azərbaycanlı fəal və vəkilə qarşı sərt hökmlərin çıxarıldığı və ittihamların çox vaxt əsassız iddialardan qaynaqlandığı bildirilir. Azərbaycanlı fəallara işgəncələr verilir, məcburi etiraflar etdirilir və “Evin” həbsxanası kimi bədnam zindanlarda saxlanılırlar.
Həmçinin diqqətə çatdırılıb ki, assimilyasiya və mədəni hegemonluq siyasəti yürüdən İran hökuməti Azərbaycan dilini repressiya hədəfinə çevirib. Belə ki ibtidai və orta məktəblərdə Azərbaycan dilinin istifadəsi qadağandır və bu dildə nəşrlər tez-tez bağlanır. Habelə biznes sahəsində Azərbaycan adlarından istifadə etmək və ya mədəni kimliyi təbliğ etmək cəhdləri hakimiyyət orqanları tərəfindən tez-tez bloklanır. Dövlət mediası kütləvi etirazlara səbəb olan irqçi məzmunu və azərbaycanlılar haqqında alçaldıcı stereotipləri yayımlamaqda davam edir.
Eyni zamanda qeyd olunub ki, tarixi Babək qalasında illik toplantılar və ya Beynəlxalq Ana Dili Günündə keçirilən mitinqlər kimi dinc nümayişlər və mədəni tədbirlər təhlükəsizlik qüvvələri tərəfindən müntəzəm olaraq zorakı repressiyalara məruz qalır və nəticədə çoxsaylı həbslər baş verir. Azərbaycanlı əhalisi çox olan əyalətlər iqtisadi geriləmədən və əsasən farsların yaşadığı ərazilərə nisbətən daha yüksək savadsızlıq səviyyəsindən əziyyət çəkir. Bu da marjinallaşmanı daha da artırır. “Human Rights Watch” və “Amnesty International” da daxil olmaqla insan haqları təşkilatları İran hökumətini azərbaycanlıların konstitusiya və universal insan haqlarına hörmətlə yanaşmağa çağırmağa davam edir.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
17:20 14.11.2025
Oxunuş sayı: 1242