Zelenski çətin vəziyyətdə: Ukrayna döyüş meydanında tək buraxılır?
Ukrayna Prezidenti Volodimir Zelenskinin son dövrdəki fəaliyyətləri və açıqlamaları beynəlxalq diqqətin mərkəzindədir. Ölkənin enerji infrastrukturu Rusiya Silahlı Qüvvələrinin hücumlarından ciddi zərər görərkən, Zelenski Qərb ölkələrini daha sərt sanksiyalar tətbiq etməyə çağırıb. Bununla belə, bəzi xarici jurnalistlər və ekspertlər Ukrayna Prezidentinin vəziyyətinin pisləşdiyini, reallığı isə inkar etdiyini bildirirlər. Bu kontekst həm Ukraynanın daxili problemlərini, həm də beynəlxalq dəstək məsələsini gündəmə gətirir və ölkənin mövcud təhlükəsizlik və enerji böhranını əks etdirir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən siyasi şərhçi Nigar Allahverdiyeva bildirib ki, xarici KİV-də Zelenski ilə bağlı yayılan məlumatların bir hissəsi, xüsusilə də onun “ölkənin real vəziyyətini inkar etməsi” kimi təqdim olunan yanaşmalar, bütövlükdə informasiya müharibəsinin tərkib hissəsidir: "Müharibə artıq uzun müddət davam etdiyinə görə Qərb ölkələrində də, Ukrayna cəmiyyətində də yorğunluq, gözləntilərlə real situasiya arasında ziddiyyətlər Zelenskiyə və ümumən Kiyevin strategiyasına tənqidi yanaşmaları təbii hala gətirib. Buna baxmayaraq, qeyd olunan faktorlar Qərb siyasətinin mahiyyətini dəyişmir. Qərb üçün Ukrayna bu gün təkcə konkret liderlə bağlı məsələ deyil, bütün Avropa təhlükəsizlik arxitekturasının sınaq meydanıdır. Bu kontekstdə Qərb ölkələrinin Ukraynaya maliyyə və hərbi dəstəyi siyasi baxımdan mübahisəli görünə bilər, amma strateji planda onlar bunu öz təhlükəsizliklərinə, həm də beynəlxalq hüququn, xüsusilə ərazi bütövlüyü prinsipinin qorunmasına investisiya kimi dəyərləndirirlər".
Siyasi şərhçi əlavə edib ki, ABŞ-da administrasiya dəyişikliyi, Avropa İttifaqı daxilində müzakirələr, ayrılan paketlərin həcmi və dinamikası dəyişsə də, ümumi xətt eyni qalır: "Ukraynanın tam şəkildə tək buraxılması nə NATO, nə də Aİ üçün qəbulolunan ssenaridir. Sadəcə dəstəyin forması zamanla daha selektiv, daha şərtləndirilmiş və müəyyən mənada daha praqmatik xarakter alır".
O, Azərbaycanın mövqeyinə də toxunaraq bildirib: "Azərbaycan uzun illərdir balanslaşdırılmış, çoxvektorlu xarici siyasət yürüdür və həm regional, həm də qlobal oyunçularla eyni vaxtda işləməyi bacaran nadir ölkələrdən biridir. Burada əsas məqam ondan ibarətdir ki, Azərbaycan dövlətinin başında beynəlxalq reallıqları görən, riskləri qabaqlayan və enerji siyasətini təhlükəsizlik strategiyası ilə paralel quran lider, Prezident İlham Əliyev dayanır. Ona görə də hesab edirəm ki, Ukrayna ətrafında gedən proseslər nə Azərbaycanın təhlükəsizlik arxitekturasına, nə də enerji maraqlarına birbaşa mənfi təsir göstərə biləcək səviyyədə deyil".
Mehriban Yariyeva
22:12 12.11.2025
Oxunuş sayı: 2219