Azərbaycan musiqisi dünyaca məşhur «Carnegie Hall»da səslənib
ABŞ-nin Nyu
York şəhərinin dünyaca məşhur «Carnegie Hall» konsert zalında dahi Azərbaycan bəstəkarı
Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunan 9-cu “Florida Keys” Beynəlxalq
Musiqi Müsabiqəsinin qaliblərinin qala-konserti keçirilib.
Crossmedia.az xəbər verir ki, qala-konsert
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi,
Florida Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə baş
tutub.
Konsertdə
müsabiqədə seçilən 50-dən çox gənc istedad orkestrlə birgə Azərbaycan və dünya
bəstəkarlarının əsərlərini ifa edib, Üzeyir Hacıbəylinin yaradıcılığından
parçalar səsləndiriblər. ABŞ-də fəaliyyət göstərən azərbaycanlı pianoçu, beynəlxalq
müsabiqələr laureatı, Prezident təqaüdçüsü Əli Məmmədovun, Azərbaycandan
yarışmaya qatılan gənc musiqiçi Milana Nabiyevanın, fleyta ifaçısı Emili Məmmədova-Zəkiyyənin
çıxışları alqışlarla qarşılanıb.
Diasporla
İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova çıxış edərək qalibləri təbrik
edib, Azərbaycan musiqisinin dünyada tanıdılmasında xüsusi rol oynayan müsabiqənin
təşkilatçılarına təşəkkürünü bildirib. Qaliblərə diplomlar və pul mükafatları təqdim
olunub.
Qala-konsertin
Azərbaycanın şanlı Zəfər Günü və Dövlət Bayrağı Gününün qeyd olunduğu vaxta təsadüf
etdiyini nəzərə alaraq, Azərbaycan xalqına təbriklər ünvanlanıb.
Qeyd edək ki, “Florida Keys” Beynəlxalq Musiqi Müsabiqəsi Azərbaycanın görkəmli bəstəkarı Cövdət Hacıyevin şərəfinə təsis olunub. Müsabiqənin təsisçiləri ABŞ-nin Florida ştatında fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının Təhsil və mədəniyyət komitəsinin direktoru, tanınmış incəsənət xadimləri Cövdət Hacıyev və Əminə Dilbazinin qızı Pərvin Muradova, eləcə də Assosiasiyanın prezidenti Töhfə Eminovadır. Hər il Assosiasiyanın təşkilatçılığı ilə keçirilən bu müsabiqənin əsas məqsədi dünyanın müxtəlif ölkələrindən istedadlı musiqiçiləri üzə çıxarmaq və Azərbaycanın zəngin musiqi irsinin təbliğinə töhfə verməkdir.
18:10 11.11.2025
Oxunuş sayı: 1119