Trampın “böyük dəyənək siyasəti”- Mühüm geosiyasi sirlər
ABŞ Prezidenti Donald Trampın ikinci prezidentlik dövründə xarici siyasətində “böyük dəyənək diplomatiyası” ön plana çıxıb. Lakin ekspertlər onun qərarlarını emosional və impulsiv şəkildə verdiyini, yaranan qarışıqlıqdan isə şəxsi maraqları üçün istifadə etdiyini bildirirlər.
Crossmedia.az “Anadolu”ya istinadən xəbər verir ki, tarixçilərin iddiasına görə bu siyasətin kökləri ABŞ-nin 26-cı prezidenti Teodor Ruzveltə qədər uzanır. Ruzvelt 1904-cü ildə Konqresdəki çıxışı zamanı Latın Amerikasında baş verən “səhv addımlar”ın qarşısını almaq üçün ABŞ-nin beynəlxalq “polis qüvvəsi” kimi çıxış edə biləcəyini bəyan etmişdi. Onun məşhur “yumşaq danış, amma əlində böyük dəyənək tut” ifadəsi sonradan “Big Stick Diplomatiyası” kimi tarixə düşdü.
Bu siyasət ABŞ-yə hərbi gücündən təzyiq və çəkindirmə vasitəsi kimi istifadə edərək beynəlxalq prosesləri öz maraqları istiqamətində formalaşdırmağa imkan verirdi.
Trampın “böyük dəyənək diplomatiyası”
İkinci dəfə prezident seçilən Donald Tramp seçkilərdən əvvəl “dünyadakı müharibələrə son qoyacağı” vədini vermiş, qlobal səhnədə fəal rol oynamaq niyyətini açıq şəkildə göstərmişdi.
Tramp bu istiqamətdə diplomatik təşəbbüslər göstərərək Tayland və Kamboca arasında atəşkəs sazişinə, Azərbaycanla Ermənistan arasında sülh prosesinə vasitəçilik edib, həmçinin Qəzzada atəşkəs üçün tərəflərin razılığa gəldiyi plan irəli sürüb.
Tramp müxtəlif ölkələrə qarşı “böyük qardaş” tonunda çıxış edərək onun təkliflərinə qarşı çıxanlara sanksiyalarla hədə-qorxu gəlib. Tayland və Kamboca arasında sülh sazişinin imzalanması zamanı ASEAN sammitində çıxış edən Tramp ticarət razılaşmaları vasitəsilə münaqişə tərəflərinə təzyiq göstərəcəyini açıq şəkildə bəyan edib.
İranla gərginlik və nüvə təhdidləri
Tramp üçün əsas narahatlıq doğuran məsələlərdən biri İranın nüvə proqramı idi. O, martın 7-də İranın ali lideri Ayətullah Əli Xameneiyə məktub göndərərək danışıqlara dəvət etmiş və “əks halda İran üçün vəziyyət çox pis olacaq” deyə xəbərdarlıq etmişdi.
Martın 30-da İranın nüvə proqramını tam dayandırmaqdan imtina etməsindən sonra Tramp əlavə tariflər tətbiq edib və razılaşma əldə olunmasa, İranın indiyə qədər görmədiyi şəkildə bombalanacağını bildirib.
İyun ayında ABŞ-nin İsraillə birlikdə İranın nüvə və hərbi obyektlərinə hücum etməsi danışıqların dayanmasına səbəb olub.
Rusiya və Ukrayna ilə bağlı mövqe
Tramp Rusiya-Ukrayna müharibəsinə münasibətdə də bənzər sərt mövqe nümayiş etdirib. Fevralın 28-də Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdə Tramp nadir torpaq elementləri barədə razılaşma imzalanmasa, vasitəçilik səylərini dayandıracağını bəyan edib:
“Ya bu razılaşmanı imzalayırsınız, ya da biz buradan çıxırıq. Siz Üçüncü Dünya Müharibəsi ilə oynayırsınız və bu, bizim ölkəyə hörmətsizlikdir.”
Razılaşmadan sonra tərəflər arasındakı gərginlik müəyyən qədər azalıb. Lakin Tramp Rusiyaya qarşı sanksiyalar tətbiq ediləcəyini dəfələrlə dilə gətirib. Oktyabrın 23-də o, Rusiya və Ukrayna arasında razılaşmanın əldə olunmamasına görə məyusluğunu ifadə edib və Moskvaya qarşı yeni iqtisadi sanksiyalar elan edib. Bu çərçivədə “Rosneft” və “Lukoil” şirkətləri sanksiya siyahısına salınıb.
Ekspertlər: “Trampın siyasəti impulsiv və nizamsızdır”
ABŞ-nin Corctaun Universitetinin beynəlxalq münasibətlər üzrə professoru Çarlz Kapçan Anadolu Agentliyinə verdiyi açıqlamada bildirib ki, Tramp administrasiyasının xarici siyasətində vahid strategiya yoxdur:
“Trampın xarici siyasətini bir konsepsiya çərçivəsində adlandırmaq çətindir. Onun siyasəti şəxsi instinkt və qərarlarına əsaslanır. Real siyasət qurma prosesi yoxdur, qərarları çox kiçik bir çevrə verir.”
Kapçan əlavə edib ki, Tramp bir tərəfdən ABŞ-ni beynəlxalq öhdəliklərdən uzaqlaşdırmaq, NATO-dan çıxmaq və Yaxın Şərqdəki rolunu azaltmaq istədiyini desə də, digər tərəfdən geri çəkilmədiyini göstərmək üçün sərt addımlar atır.
O, ABŞ-ın xarici siyasətini “qeyri-proqnozlaşdırılan” və “sabitlikdən uzaq” adlandırıb:
“Tramp bir gün sanksiya tətbiq edir, ertəsi gün fikrindən daşına bilir. Onu xəbərdar edən heç kim yoxdur.”
Kapçan Trampın diplomatik həllə üstünlük verdiyini, lakin strategiya çatışmazlığı səbəbilə səylərinin uğursuz qaldığını qeyd edib.
“Böyük dəyənək diplomatiyası” artıq yalnız ABŞ maraqlarını güdür
Danimarkanın Aalborq Universitetinin siyasət və cəmiyyət üzrə dosenti Yesper Villainq Zeuten isə bildirib ki, dünya artıq ABŞ-ni “böyük qardaş” kimi görmür:
“Tramp istədiyini əldə edə bilməyəndə tərəfdaşlarını hədələyir. O, “böyük dəyənək diplomatiyası”nı əvvəlki kimi sülh naminə deyil, açıq şəkildə öz maraqları naminə tətbiq edir.”
Zeutenin fikrincə, Tramp dünyanı qeyri-sabitlik içində saxlamaqla istədiyinə müəyyən qədər nail olur.
Gülbəniz Bayramova
22:43 10.11.2025
Oxunuş sayı: 1492