İnklüziv təhsil cəmiyyətin ümumi mədəni səviyyəsinə çox müsbət təsir göstərir - Ekspert
Son illərdə Azərbaycanda təhsil sistemində aparılan islahatların mühüm istiqamətlərindən biri inklüziv təhsilin tətbiqi və genişləndirilməsidir. Bu proses təkcə əlilliyi olan uşaqların təhsil hüququnun təmin edilməsinə deyil, həm də onların sosial inteqrasiyasına və cəmiyyətə adaptasiyasına xidmət edir. İnklüziv təhsil məktəblərdə bərabərlik, qarşılıqlı anlayış və empatiya mühitinin formalaşmasına mühüm töhfə verir.
Lakin bu modelin uğurlu tətbiqi bir sıra amillərdən asılıdır. Məsələn, fərdi tədris planlarının hazırlanması və diferensial yanaşma metodlarının tətbiqi tədrisin keyfiyyətinə birbaşa təsir göstərir. Əgər müəllimlər bu planlar üzərində sistemli şəkildə işləyir və uşaqların fərdi xüsusiyyətlərini nəzərə alaraq tədris prosesini qururlarsa, nəticələr daha müsbət olur.
Mövzu ilə bağlı ADPU- nun müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Xalidə Həmidova Crossmedia.az-a açıqlama verib:
"İklüziv təhsilin tətbiqi üçün əvvəlcə inklüziv cəmiyyət formalaşmalıdır. İnsanların düşüncəsi inklüzivləşməlidir. Yəni, məsələ buradan başlayır. Təəssüf ki, biz hələ də sosialist dövlətlərindən çıxmış bir ölkə kimi, “hər kəsə bərabər imkanlar, bərabər həyat” şüarı altında böyümüşük. Daha yaşlı nəsli nəzərdə tuturam, çünki gənc nəsil artıq fərqlidir. Biz elə bir dövrdə böyümüşük ki, hər kəsin eyni formada məktəbə getməsi, yalnız dövlət məktəbində oxuması və hamıya bərabər imkanların yaradılması sözdə olsa da, əsas prinsip sayılırdı. Yəni, bizdə irq, din, dəri rəngi və sosial vəziyyət kimi anlayışlar demək olar ki, önə çıxmırdı, bu baxımdan digər ölkələrdən fərqli olaraq insanlar bir-birini normal qəbul edirdi. Məsələn, bu gün Azərbaycan tolerant ölkə sayılırsa, bunun səbəbi də tarixən müxtəlif xalqların birgə yaşamasıdır. Mən öz bölgəmi nümunə gətirim: burada gürcülər, ləzgilər, tatlar, saxurlar, avarlar və bir çox başqa millətlər birgə, mehriban şəkildə yaşayır, dini ayinlərini yerinə yetirir, dillərini danışır, bir-birinin evinə qonaq gedir, yasına, toyuna qatılırlar. Bu da artıq inteqrasiyanın bir hissəsinin cəmiyyətdə çox güclü formalaşdığını göstərir. Yəni, bizim dövlətimizdə inklüzivliyin bir tərəfi – birgə yaşamaq və təhsil almaq – çoxdan formalaşıb. Ancaq digər tərəfdə, yəni bütün postsovet ölkələrində olduğu kimi, müəyyən çatışmazlıqlar qalır. Burada söhbət əlilliyi olan şəxslərdən gedir ki, onlar cəmiyyətə tam inteqrasiya oluna bilmirdi, ayrıca məktəblərdə oxuyurdular. Cəmiyyət onları tanımır, görmürdü".
Ekspert bildirib ki, bu sahədə bizdə boşluq var idi: "Ona görə də son illər dövlət tərəfindən bu hissəni – yəni əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasını – təmin etmək istiqamətində işlər aparılmağa başlandı. Bu proses ilk növbədə onların təhsilə cəlb olunması ilə başladı. İlk tətbiq etdiyimiz model tibbi model idi. Bu modeldə hər sinifdə iki əlilliyi olan uşaq olurdu və onlarla ayrıca bir müəllim məşğul olurdu. Lakin burada sosiallaşma yox idi, uşaqlar cəmiyyətdən müəyyən qədər ayrı qalırdı. Yəni fərdi yanaşmadan çox, kənarda işləmə prinsipi vardı. Sonradan bütün dünyada daha çox tətbiq edilən sosial model Azərbaycanda da həyata keçirilməyə başladı. Son illərdə həmin model üzərində müxtəlif dəyişikliklər aparılır və məktəblərdə daha geniş şəkildə tətbiq olunur. Əvvəlcə bu proses 4 məktəbdə pilot layihə kimi sınaqdan keçirildi, nəticələr qiymətləndirildikdən sonra artıq bütün məktəblərdə tətbiqinə başlanıldı. Əlilliyi olan şəxslər, əlbəttə ki, öz əlillik dərəcələrinə uyğun şəkildə cəmiyyətə inteqrasiya olunur. İnklüziv təhsildə əsas hədəf bu qrup şagirdlərin təhsil prosesinə cəlb edilməsidir. Çünki digər sosial fərqliliklərlə bağlı ölkəmizdə ciddi problem yoxdur. Bizdə insanlar dininə, dilinə, dəri rənginə və ya sosial durumuna görə ayrı-seçkiliyə məruz qalmır. Nə küçələrdə, nə məktəblərdə belə hallar müşahidə olunmur. Sadəcə, insanlar bir-biri ilə normal şəkildə yaşamağı bacarır".
Ekspert əlilliyi olan şagirdlərin məktəblərə inteqrasiyasının mərhələli şəkildə aparılacağının, daha uğurlu nəticələr verə biləcəyini qeyd edib: "Burada mühüm məsələ müəllimlərin hazırlıq səviyyəsidir. Hazırda müəllimlərimizin bu məsələyə yanaşması birmənalı deyil. Onlar müəyyən çətinliklərlə üzləşirlər. Məsələn, autizm spektrli, Daun sindromlu və ya digər əlillik dərəcəsi olan uşaqlar sinifdə olduqda, ümumi tədris keyfiyyətinə müəyyən qədər təsir göstərə bilir. Bu zaman müəllimlər arasında narazılıqlar da yaranır, çünki bəzi siniflərdə nəticələr daha aşağı olur. Lakin inklüziv təhsil ümumilikdə tədrisin keyfiyyətinə deyil, cəmiyyətin inkişafına böyük təsir göstərir. Bu, insanların bir-birinə hörmətlə yanaşmasını, hər bir fərdin yaşamaq və təhsil almaq hüququna dəyər verilməsini təşviq edir. Bu dəyərlər məktəbdən, hətta məktəbəqədər yaşlardan başlayır. Uşaqlarda empatiya, anlayış və dəstək hissləri məhz bu yaşlarda formalaşır. Ona görə də inklüziv təhsil cəmiyyətin ümumi mədəni səviyyəsinə çox müsbət təsir göstərir. Əlbəttə, tədris prosesində müəyyən çətinliklər ola bilər. Xüsusilə aşağı yaş qruplarında uşaqlar bu prosesə daha emosional reaksiya göstərə bilirlər. Ancaq daha yuxarı siniflərdə uşaqlar artıq bu mühitə alışır və birgə təhsil prosesinə uyğunlaşırlar".
Ekspert qeyd edib ki, müəllimlər müəyyən təlimlərdən keçsələr, inklüziv təhsilin prinsiplərini dərindən mənimsəsələr, bu prosesin uğurlu tətbiqi mümkündür: "O zaman tədris prosesi də, sosial inteqrasiya da daha səmərəli nəticə verər. Bundan əlavə fərdi tədris planları var ki, əgər müəllimlər həmin fərdi tədris planlarını hazırlayaraq uşaqlara diferensial yanaşma üsullarından istifadə etsələr və bu planlar əsasında işləsələr, tədrisin keyfiyyətində müəyyən dəyişikliklər olacaq. Hazırkı vəziyyətdə isə çox da uğurlu, yəni keyfiyyətli nəticələr müşahidə olunmur. Düzdür, bunu hamıya şamil etmək olmaz. Elə məktəblər də var ki, orada bu proses çox güclü şəkildə həyata keçirilir və uğurla işləyirlər. Çünki həmin məktəblərdə peşəkar defektoloqlar, korreksiya-pedaqoqlar fəaliyyət göstərir, onlar müəllimlərə dəstək olur və birgə iş fəaliyyətini təşkil edirlər".
17:36 08.11.2025
Oxunuş sayı: 1138