İran malları bahalaşacaq? - müharibə qiymətləri uçura bilər
Hazırda İranla İsrail arasında gedən müharibə təkcə həmin ölkələrə zərər vermir, region ölkələrinə də təsir edir. Xüsusilə, İran mallarının Azərbaycana və digər ölkələrə gətirilməsi məsələsi gündəmdədir.
Bəzi ekspertlər deyir ki, məhsullar bahalaşa bilər, bəziləri isə idxalın tam dayandırıla biləcəyini ehtimal edir. Bu, ticarətçilər və istehlakçılar üçün ciddi narahatlıq yaradır. Mövzu isə həm iqtisadi, həm də gündəlik müzakirələrin mərkəzindədir.
Cross Media Təhlil Mərkəzinin analitiki, iqtisad üzrə fəlsəfə doktoru, dos. Aqil Eyvazov mövzu ilə bağlı açıqlama verib:

"Son günlər Yaxın Şərqdə yaranan gərginlik, xüsusilə ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları regional iqtisadi mühitə təsir göstərən ciddi geosiyasi risklər yaradır. Bu cür vəziyyətlər ilk növbədə enerji bazarına və logistika xərclərinə təsir etdiyi üçün İran mallarının qiymətlərində müəyyən artım ehtimalı yarana bilər.
Azərbaycan bazarında İran əsasən kənd təsərrüfatı məhsulları, tikinti materialları və bəzi məişət malları ilə təmsil olunur. Münaqişə fonunda nəqliyyat xərclərinin artması, sanksiya təzyiqləri və ticarət marşrutlarında risklərin yüksəlməsi bu məhsulların idxal qiymətlərinə təsir göstərə bilər".
A.Eyvazov əlavə edib ki, Azərbaycan bazarı İran mallarından tam asılı deyil və alternativ idxal istiqamətləri mövcuddur. Buna görə qısamüddətli dövrdə bəzi məhsullar üzrə qiymət artımı mümkündür, lakin genişmiqyaslı bahalaşma yalnız gərginliyin uzun müddət davam etməsi və regional ticarət marşrutlarının ciddi şəkildə məhdudlaşması halında daha real görünür.
Fatimə Məmmədova
10:59 04.03.2026
Oxunuş sayı: 1365