Çoxmənzilli binalarda tüstü bacalarının işləkliyini təmin etmək üçün vahid dövlət sistemi yaradılsın- Təklif
Payız və qış mövsümünün yaxınlaşması ilə havaların tədricən soyuması insanları istilik sistemlərindən istifadəyə vadar edir. Sobalar, kombilər və digər isitmə vasitələri evlərimizin ayrılmaz hissəsinə çevrilir. Lakin istilik rahatlığı ilə yanaşı, çox vaxt diqqətdən kənarda qalan, lakin insan həyatı üçün birbaşa təhlükə yaradan mühüm bir məsələ mövcuddur – tüstü bacalarının texniki vəziyyəti. Hər il ölkəmizdə qeydə alınan dəm qazı zəhərlənmələri və yanğın hadisələri göstərir ki, bu problem təkcə məişət səviyyəli deyil, həm də ciddi ictimai təhlükəsizlik məsələsidir. Mövzunun aktuallığını və cəmiyyət üçün həyati əhəmiyyətini nəzərə alaraq, tüstü bacalarının vəziyyəti, məsuliyyət bölgüsü və mümkün həll yolları barədə ətraflı danışmaq zərurəti yaranır. Mövzu ilə bağlı təhlükəsizlik eksperti Orxan Musayev Crossmedia.az-a açıqlama verib.

"Yay fəslinin başa çatması ilə əlaqədar havalar soyumağa başlayır. Bununla da insanlar evlərində istilik sistemlərini işə salırlar. Sobadan, kombidən, istifadə edirlər. Çox vaxt diqqətdən yayınan, lakin insan həyatı üçün birbaşa təhlükə mənbəyinə çevrilən bir məsələ var. Bu da tüstü bacalarının vəziyyətidir. Tüstü bacaları sobanın tüstüsünü ixrac edən sadə bir hissə kimi görünsə də, düzgün işləməyən baca insan həyatı üçün böyük təhlükə yaradır."-, deyə mütəxəssis qeyd edib.
O, bildirib ki, ölkəmizdə hər il dəm qazından zəhərlənmə halları baş verir və bunların əksəriyyəti ölümlə nəticələnir. Buna səbəb isə məhz tüstü bacalarında yaranan nasazlıqlardır: "Hər il onlarla insan dəm qazından zəhərlənərək həyatını itirir. Faciələr əksər hallarda bacaların düzgün təmizlənməmsi və texniki nasazlıq ucbatından baş verir. Bir çox fərdi evlərdə tüstü bacaları illərlə təmizlənmir. Çoxmənzilli binalarda isə tüstü bacalarının və vintilyasiya sistemlərinin təmizlənməsi Mənzil Kommunal Təsərrüfatı idarələrinin məsuliyyətində olmuş olsa da, çox vaxt bu işlər lazımi qaydada icra olunmur. Problemlərin ən böyüyü bacaların köhnəlməsidir. Sovet dövründə inşa edilmiş binalarda illərlə təmizlənməyən tüstü bacaları artıq yararsız vəziyyətə düşüb. Çatlar, qopmuş kərpiclər, bunlar dəm qazının evə dolmasına səbəb olur. Digər səbəb isə insanların qeyri-peşəkar müdaxiləsidir."
O.Musayev onu da bildirib ki, əksər hallarda ev sahibləri bacaları özləri təmizləməyə cəhd etməyə cəhd etsə də, bu təhlükəni aradan qaldırmır, əksinə daha da böyüməsinə gətirib çıxarır: "Düzgün təmizlənməyən baca zədələnə və qazı evə ötürə bilər. Bu işləri mütləq ixtisaslaşmış təşkilatlar həyata keçirməlidirlər.
Bəli, belə bir sual yaranır ki, bəs bunun üçün insanlar hara müraciət etməlidir?! Təbii ki, bu da çox mühüm bir sualdır.
Qanunvericiliyə görə fərdi evlərin bacalarının işlək vəziyyətdə saxlanılması ev sahibinin məsuliyyətindədir. Çoxmənzilli binalarda isə Mənzil Kommunal İdarələri bu işə birbaşa olaraq nəzarət etməlidir."
Mütəxəssis bu sahədə vahid dövlət sistemi yaradılmalı olduğun qeyd edərək, bacaların təmizlənməsinin yalnız və yalnız ixtisaslaşmış təşkilatlar tərəfindən icra edilməli olduğunu bildirib: "Yəni vətəndaş haqlı olaraq bir quruma müraciət etməlidir. Belə olan halda həm fikir dağınıqlığı olmaz, həm də xidmətin keyfiyyətinə zəmanət verilər. Belə bir sistem yaradılsa, insanlar biləcəklər ki, dəqiq olaraq hara müraciət etmək lazımdır. Eyni zamanda dövlət də bu işə nəzarət edə biləcək və bu da yarana biləcək problemlərin həllində mühüm rol oynayacaq. Hesab edirəm ki, bu təşəbbüs dəm qazı zəhərlənmələrinin qarşısının alınması yolunda atılan biləcək vacib bir addımdır".
Ekspert beynəlxalq təhlükəsizlik sistemindən də bir sıra nümunələr gətirib:
"Beynəlxalq təcrübədə geniş şəkildə tətbiq olunan dəm qazı dedektorlarının rolu barədə onu qeyd etmək olar ki, dəm qazı dedektoru kiçik, sadə və baha olmayan bir cihazdır və çox mühüm əhəmiyyət kəsb edir. Qaz evdə toplanmağa başlayanda o, siqnal ötürür və insan dərhal anlayır ki, təhlükə var və bununla bağlı təcili tədbir görür. Bəzi qərb ölkələrində, o cümlədən Böyük Britaniyad, Almaniyada, həmçinin Skandinaviya ölkələrində bu cihazların istifadəsi məcburidir. Bu, orada qanuni tələbdir. Bu qərarın tətbiq olunması Avropa minlərlə insanın həyatını xilas edib. Təəssüf ki, ölkəmizdə bu cihazların istifadəsi geniş vüsət almayıb, halbuki, hər bir evdə dəm qazı dedektoru olsa dəm qazı faciələrinin böyük hissəsinin qarşısı alınar".
Ekspert son olaraq bunu da qeyd edib ki, bacaların təmizlənməsi təkcə texniki məsələ deyil, bu həm də həyat və ölüm məsələsidir: "Məhz bu səbəbdən ölkəmizdə baş verən dəm qazından ölüm faciələrinin qarşını almaq mümkündür. Buna görə də bu məsələdə məsuliyyətli olmalı, müvafiq təhlükəsizlik tədbirlərinin icrası məsələsinə diqqət diqqət yetirməliyik".
Turqut Ansari
08:50 04.03.2026
Oxunuş sayı: 656