“Azərbaycanın yeni inkişaf konsepsiyası və milli kimlik” - BSU-da konfrans
Noyabrın 6-da Bakı Slavyan Universitetində (BSU) “Zəfər Həftəsi” çərçivəsində “Konstitusiya və Suverenlik İli” Tədbirlər Planına uyğun olaraq Zəfərin 5 illiyinə həsr olunmuş “Azərbaycanın yeni inkişaf konsepsiyası və milli kimlik” mövzusunda konfrans keçirilib.
BSU-dan Crossmedia.az-a bildirilib ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbiri açan BSU-nun rektoru Anar Nağıyev Zəfərin 5 illik yubileyinin milli qürur və məsuliyyət hissi ilə qeyd olunduğunu vurğulayaraq bu Zəfərin bizə yaşatdığı sevincin həm də böyük məsuliyyət yaratdığını qeyd edib.
A.Nağıyev tədbirin əsas məqsədinin Azərbaycanın inkişaf konsepsiyası və milli kimlik məsələlərinin Zəfər Günü kontekstində müzakirəsi olduğunu bildirib. Rektor qeyd edib ki, Qələbənin bizə bəxş etdiyi tarixi və mənəvi nəticələrin ali təhsil və elmi-tədqiqat müəssisələri tərəfindən dərindən öyrənilməsi vacibdir. Onun sözlərinə görə, Zəfərdən sonra Azərbaycan xalqının dünyagörüşü, özünə və cəmiyyətə baxışı dəyişib, nəticədə xalq daha da bütövləşmiş və möhkəmlənmiş bir millətə çevrilib. Rektor vurğulayıb ki, bu dəyərlər çərçivəsində vətəndaş institutu, fərdi məsuliyyət və milli özünüdərk anlayışları daha da güclənib. Bu səbəbdən də belə tədbirlərin və elmi müzakirələrin keçirilməsi son dərəcə vacibdir.
Çıxışında A.Nağıyev Prezident İlham Əliyevin 2024-cü il fevralın 14-də andiçmə mərasimində səsləndirdiyi fikirlərə də istinad edib. O bildirib ki, “Yeni dövrün Azərbaycanı” anlayışı dövlətin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən konseptual çərçivədir və bu dövrdə Azərbaycançılıq ideologiyası əsas ideya dayağı kimi çıxış edir. Rektor Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycançılıq ideologiyasının əhəmiyyətini vurğulayaraq, ailə və məktəb institutlarının qalib Azərbaycanın gələcəyinin formalaşmasında mühüm rol oynadığını qeyd edib.
O, ali təhsil müəssisəs olaraq gələcəyin vətəndaşını formalaşdırmaq üçün yeni yanaşmalar müəyyənləşdirməli olduğunu və bunun milli kimlik konsepsiyasının əsas istiqamətlərindən biri olduğunu qeyd edib. Rektor vurğulayıb ki, BSU-da ölkəmizin nailiyyətləri, dövlət siyasəti və rəhbərimizin müəyyən etdiyi istiqamətlərə dair məsələlərin müzakirəsi məqsədilə mütəmadi olaraq tədbirlər və konfranslar keçirilir. Bu tədbirin də həmin ənənənin davamı olduğunu bildirən rektor qeyd edib ki, 2024-cü ildən etibarən “Yeni dövrün Azərbaycanı” çağırışı və “Konstitusiya və Suverenlik İli” çərçivəsində universitet tərəfindən ölkə daxilində və xaricdə bir sıra konfrans və seminarlar təşkil edilib.
Sonda A.Nağıyev bildirib ki, BSU ölkəmizin mədəniyyəti, dövlət siyasəti və təhsil strategiyasına uyğun olaraq fəaliyyət göstərir və bu istiqamətdə mühüm müzakirələr aparır. Bu fəaliyyətin əsas məqsədi maarifləndirməni genişləndirmək və təhsil proseslərinin keyfiyyətini artırmaqdır.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında bildirib ki, konfransın böyük Zəfərin 5 illiyinə, həmçinin qarşıdan gələn Dövlət Bayrağı, Konstitusiya və Milli Dirçəliş günlərinə həsr olunması böyük rəmzi məna daşıyır. O qeyd edib ki, 8 Noyabr - Zəfər Günü Prezident İlham Əliyevin müdrik rəhbərliyi, ordumuzun qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi nəticəsində qazanılmış tarixi Qələbənin təntənəsidir və bu Azərbaycanın qalib xalq kimi milli kimliyini bütün dünyaya nümayiş etdirib. F.Qurbanov vurğulayıb ki, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz təkcə hərbi-siyasi deyil, sosial-iqtisadi sahədə də mühüm nailiyyətlər qazanıb, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi bu istiqamətdə strateji yol xəritəsi rolunu oynayıb. O, həmçinin qeyd edib ki, qloballaşma dövründə milli kimliyin, milli-mənəvi dəyərlərin və azərbaycançılıq ideologiyasının qorunması və təhsildə bu dəyərlərin möhkəmləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Milli Məclisin deputatları Zahid Oruc və Sahib Alıyev, Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov çıxışlarında qeyd ediblər ki, Zəfərdən sonra formalaşan milli özünüdərk və dövlətçilik ideyaları ölkənin yeni inkişaf konsepsiyasının ideoloji əsasını təşkil edir. Bu baxımdan ali təhsil müəssisələrində elmi diskussiyalar və ictimai debatların təşkili mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, çıxışçılar Azərbaycanın Zəfərindən qaynaqlanan milli birlik, dövlətçilik və vətənpərvərlik ruhunun qorunması, eləcə də gənc nəslin bu dəyərlər əsasında yetişdirilməsinin vacibliyini vurğulayıblar.
Daha sonra tədbirdə qeyd olunub ki, Laçın şəhəri 2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin (MDB) mədəniyyət paytaxtı seçilib. Bu münasibətlə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunundakı Xüsusi Nümayəndəliyinin, Elm və Təhsil Nazirliyinin, BSU-nun və MDB-yə Üzv Dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən “Can Laçın” adlı məqalə müsabiqəsinin, eləcə də BSU-nun “Konstitusiya və Suverenlik İli” Tədbirlər Planı çərçivəsində bu ali təhsil müəssisəsinin tələbələri arasında “Suveren Azərbaycan: keçmişdən gələcəyə” mövzusunda keçirilən esse müsabiqəsinin qalibləri mükafatlandırılıb.
18:28 06.11.2025
Oxunuş sayı: 1470