Fransada Azərbaycanın İpək Yolundakı rolu müzakirə olunub
Fransanın Saint-Quentin Vallée de Chevreuse şəhərində yerləşən “Rotary Club Epicure” təşkilatında “İpək Yolunda Azərbaycanın rolu” mövzusunda tədbir keçirilib. Tədbir “İncəsənət və şərab” adlı xeyriyyə gecəsinin bir hissəsi olaraq təşkil edilib və klubun sosial və humanitar layihələrinə dəstək məqsədi daşıyıb.
Crossmedia.az xəbər verir ki, Azərbaycan Dostları Assosiasiyasının Baş Katibi Mirvari Fətəliyeva tədbirdəki çıxışında Azərbaycanın qədim və müasir İpək Yolundakı rolundan danışıb. O, Azərbaycanın coğrafi mövqeyinin ölkəni tarixən Asiya ilə Avropa arasında təbii körpüyə çevirdiyini vurğulayıb. Qədim dövrlərdə Bakı, Gəncə, Naxçıvan və Şəki kimi şəhərlərin mühüm karvansaray mərkəzləri olduğunu, bu şəhərlərin ticarət, mədəniyyət və elmin inkişafında böyük rol oynadığını bildirib.
Tədbir iştirakçıları mövzunu maraqla dinləyib, Azərbaycanın İpək Yolu irsi və müasir dövrdə regionlararası əməkdaşlıqdakı rolu ilə bağlı çoxsaylı suallar ünvanlayıblar.
Gecənin mədəni hissəsində Azərbaycan şərablarının dequstasiyası keçirilib. İştirakçılar şərabların keyfiyyətini və zərif dadını yüksək qiymətləndiriblər. Tədbir çərçivəsində bir Azərbaycan şərabı və Heydər Əliyev Fondunun hazırladığı, Azərbaycan mətbəxinə həsr edilən kitab xeyriyyə məqsədilə hərraca çıxarılıb. Əldə olunan gəlir klubun sosial layihələrinə yönəldilib.
“Rotary Club Epicure” klubunun prezidenti Enoh Daqba Azərbaycanın zəngin tarixi, mədəni irsi və müasir inkişafı haqqında məlumatların paylaşılmasının önəmini vurğulayıb.
Tədbirin sonunda Mirvari Fətəliyevaya klubun üzvlük sertifikatı və klubun bayrağı təqdim edilib.
18:23 06.11.2025
Oxunuş sayı: 1338