Şanlı Zəfərimiz Stokholmda qeyd olunub
İsveçin paytaxtı Stokholmda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, İsveç – Azərbaycan Birliyi (SAF) təşkilatçılığı ilə Zəfər Gününə həsr olunan tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının və İsveç Krallığının Dövlət himnləri səsləndirilib, Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canını qurban verən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad olunub.
İsveç – Azərbaycan Birliyinin sədri Sevda Dadaşova çıxışında uzun illər işğal altında qalan torpaqlarımızın Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və xalqımızın sarsılmaz iradəsi sayəsində azad olunduğunu vurğulayıb. “Bu gün dünyada müharibələr davam etsə də, biz qalib xalq olaraq sülhün, ədalətin və insanlığın tərəfində dayanırıq. Qarabağda tikilən hər ev, hər məktəb, əkilən hər ağac yeni həyatın simvoludur,” – deyə o bildirib.
İsveç Azərbaycanlıları Koordinasiya Şurasının Stokholm üzrə koordinatoru Ayda Əmir Haşimi çıxışında Zəfər Gününü xalqımızın şanlı qələbəsi olmaqla yanaşı, onu sülhə, sevgiyə və yaşama inamının təntənəsi adlandırıb.
Azərbaycanın İsveçdəki Səfirliyinin birinci katibi Əsgər Nağıyev vurğulayıb ki, Zəfər Günü Azərbaycan xalqının gücünü, birliyini və haqq mübarizəsinin təntənəsini simvolizə edən tarixdir. “Bu gün biz şəhidlərimizin qəhrəmanlığı sayəsində azad və güclü Azərbaycanın bayrağını qürurla dalğalandırırıq,” – deyə o əlavə edib.
Tədbirin bədii hissəsində İsveçdə yaşayan pianoçular Aynur Məlikova, Vüsalə Bağırova, tarzən Fərid Xankişiyev və isveçli opera müğənnisi Jacques Radinsonun ifasında Azərbaycan musiqisinin inciləri səsləndirilib. Niyazinin “Arzu”, Müslüm Maqomayevin “Azərbaycan”, Vasif Adıgözəlovun “Qərənfil”, Adil Bəbirovun “Skertso” əsərləri ilə yanaşı, “Qarabağ” məktəbinin şagirdlərinin “Uzundərə” və “Şuşanın dağları” rəqsləri tədbirə xüsusi rəng qatıb.
16:11 06.11.2025
Oxunuş sayı: 1296