Çox güman ki, televiziyanın formatı dəyişəcək, amma mahiyyəti qorunub saxlanacaq - MÜSAHİBƏ
Noyabrın 6-sı Azərbaycan Televiziyası və Radiosu Günü olaraq televiziya və radio işçilərinin peşə bayramı kimi qeyd edilir. 1926-cı il noyabrın 6-da Azərbaycan radiosunun əsası qoyulub.
Bundan sonra ölkənin jurnalistika tarixində yeni mərhələ başlayıb.
Azərbaycan Televiziyası yaranandan sonra isə bu tarix təkcə radionun deyil, teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb. Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. İlk veriliş günü ekranda mərhum sənətkar Nəcibə Məlikova görünüb və o, çıxışına "Göstərir Bakı" sözləri ilə başlayıb. Həmin gün televiziyada "Bəxtiyar" bədii filmi nümayiş etdirilib.
Azərbaycan teleradiosu ötən illər ərzində milli-mənəvi dəyərlərin təbliğində, ictimai fikrin formalaşmasında və cəmiyyətin məlumatlandırılmasında mühüm rol oynayıb.
Hazırda televiziya və radio sahəsi ölkədə dinamik şəkildə inkişaf edir, rəqəmsal yayım və yeni media texnologiyalarının tətbiqi genişlənir.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin kafedra müdiri, dosent Xatirə Hüseynova Televiziya və Radio Günü, eləcə də bu sahənin mövcud durumu və inkişaf perspektivləri ilə bağlı Crossmedia.az-ın suallarını cavablandırıb.

- Sizcə, televiziyanın və radionun cəmiyyətdəki
rolu illər ərzində necə dəyişib?
- Əvvəlcə
bütün həmkarlarımı və tələbələrimizi 6 noyabr - Azərbaycan Televiziyası və
Radiosu Günü mübasibətilə təbrik edirəm. Yaradıcılıq uğurları, auditoriya
marağı və bol şad xəbər arzulayıram! Televiziya və radio uzun illər ərzində cəmiyyətin
əsas informasiya mənbələrindən biri olub. XX əsrdə istər televiziya, istər
radio həm xəbər, həm də əyləncə vasitəsi kimi kütləvi təsir gücünə malik idilər.
Lakin rəqəmsal texnologiyaların, xüsusən də internet və sosial medianın
inkişafı ilə birlikdə bu rol dəyişməyə başladı. Bugün televiziya vizual keyfiyyət,
xəbər analizi və canlı yayımdakı etibarlılığı ilə seçilir, radio isə mobil
auditoriya üçün çevik və aktual platforma olaraq qalır. Onların rolu daha çox
tamamlayıcı xarakter alıb — televiziya və radio artıq tək informasiya mənbəyi
deyil, multimedia ekosisteminin bir hissəsidir.
- Müasir
dövrdə televiziya və radionun insanlarla ünsiyyətində əsas çətinliklər nələrdir?
- Əsas çətinliklərdən biri izləyici diqqəti uğrunda rəqəmsal rəqabətdir. Sosial media, podkastlar, YouTube və digər platformalar auditoriyanın kommunikasiya vasitələrinə olan diqqətini bölür. İnsanlar artıq informasiya istehlakı prosesinə daha çox nəzarət edə bilirlər. Auditoriya daha təklif olunan kontenti passiv şəkildə qəbul edən tərəf deyil, aktiv seçim hüququnu qoruyan kommunikasiya həlqəsidir. Digər çətinlik isə etibarlılıqdadır — dezinformasiya və “fake news” çağında tamaşaçı və dinləyici etimadını qazanmaq daha mürəkkəbdir. Eyni zamanda, auditoriyanın gənclərdən ibarət kəsimi ənənəvi media vasitələrindən uzaqlaşdığı üçün onların rəqəmsal formata yenidən cəlb olunması zəruridir.
- Gənc jurnalistlər
və aparıcılar üçün bu sahəyə daxil olmaq nə dərəcədə asandır və onlar hansı əsas
keyfiyyətlərə sahib olmalıdırlar?
- Ənənəvi media sektoruna daxil olmaq əvvəlki illərlə müqayisədə həm çətinləşib, həm də asanlaşıb. Çətinlik ondadır ki, televiziya və radio daha çox peşəkar təcrübə, texniki bilik və canlı performans bacarıqları tələb edir. Eyni zamanda, rəqabət yüksəkdir və auditoriya rəqəmsala keçdiyi üçün ənənəvi platformalarda iş imkanları məhduddur. Digər tərəfdən, rəqəmsal media sahəsi gənclərə özlərini göstərmək üçün yeni imkanlar yaradıb: YouTube kanalı, podkastlar, sosial media layihələri ilə başlayan xeyli uğurlu nümunələr var.
- Bu sahədə özünü görmək istəyən gənc hansı vərdişlərə yiyələnməlidir?
- Əvvəla, aydın və peşəkar nitq mədəniyyətinə yiyələnmək zəruridir. Sonra analitik düşüncə və faktlara əsaslanan yanaşmanı formalaşdırmaq lazımdır. Bununçün bol-bol mütaliə, gündəmi izləmə qabiliyyəti zəruridir. Təbii ki, texniki bacarıqlar - səsyazma, montaj, video redaktə qabiliyyəti də öz yerində. Ən önəmlisi yaradıcılıq və adaptasiya qabiliyyəti, eyni zamanda, etik prinsiplərə sadiqlik və obyektivliyin gözlənilməsi önəmlidir.
- Bir zamanlar qəzetlərin sıradan çıxacağı iddia olunurdu. Bu gün isə artıq televiziya barədə oxşar fikirlər səsləndirilir. Sizcə, bu iddialar nə qədər əsaslıdır?
- Qəzetlər artıq əvvəlki
kimi gündəlik informasiya ehtiyacını ödəyən vasitə deyil, lakin tam sıradan
çıxmayıb — sadəcə rəqəmsal mühitə keçib. Televiziya üçün də eyni mənzərə keçərlidir.
Əgər televizoru yalnız cihaz kimi nəzərdə tutsaq, bəli, insanlar artıq smartfon
və planşetlər vasitəsilə TV məzmununu izləyirlər. Amma televiziya konsepti — yəni
peşəkar video xəbərləri, araşdırma proqramları, canlı debatlar — hələ də
aktualdır. Çox güman ki, televiziyanın formatı dəyişəcək, amma mahiyyəti
qorunub saxlanacaq. Əsas məsələ platformadan çox kontentdir.
- Süni intellektin
inkişafı radio və televiziya jurnalistikasına necə təsir edir?
- Süni intellekt bir
çox sahələrdə olduğu kimi media sektorunda da inqilabi dəyişikliklərə səbəb
olmaqdadır. O, bir tərəfdən redaksiya işlərini sürətləndirir: avtomatik
subtitrləmə, səs emalı, mətndən nitqə çevirmə (text-to-speech) və real vaxt
analizi artıq geniş tətbiq olunur. Digər tərəfdən isə süni intellekt kontent
yaradıcılığına da təsir edir — bəzi xəbərlər və reportajlar artıq alqoritmlərlə
avtomatlaşdırılmış şəkildə hazırlanır. Lakin bu tendensiyalar jurnalistikanı əvəz
edə bilməz. Əksinə, süni intellektdən istifadə jurnalistlərin işini daha
analitik, araşdırma yönümlü edir. Süni intellekt informasiyanı təqdim edə bilər,
amma insan hissi, kontekstual analiz və etik qərarvermə qabiliyətini
ortaya qoya bilməz. Bu səbəbdən, jurnalistlər süni intellektdən istifadəni öyrənməli,
amma ona tam etibar etməməlidirlər. Problemin etik tərəfləri daim göz önündə
saxlanılmalıdır.
Fatimə Hacıəliyeva
14:40 06.11.2025
Oxunuş sayı: 3679