Ermənistan hökuməti açıqlamalarını əməli işlərlə təsdiqləməlidir - Politoloq
Beynəlxalq iqtisadi və siyasi müstəvidə yeni əməkdaşlıq təşəbbüsləri diqqət mərkəzindədir. Xüsusilə Vaşinqtonda əldə olunan razılaşmalar Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri üçün strateji əhəmiyyət kəsb edir. Ermənistan Baş naziri Nikol Paşinyanın açıqlamalarına görə, bu razılaşmalar Aİİ ölkələrinə ticarət, investisiya və regional əməkdaşlıq sahələrində yeni imkanlar yarada bilər. Bu baxımdan Vaşinqton razılaşmalarının Avrasiya İqtisadi İttifaqı üçün potensial faydalarını və üzləşə biləcəkləri çağırışları qiymətləndirmək vacibdir.
Politoloq Tofiq Abbasov Crossmedia.az-a bildirib ki, kommunikasiyaların açılması nöqteyi-nəzərindən, əlbəttə ki, bütün ölkələr üçün Vaşinqton razılaşması Avrasiya məkanında üstünlük təşkil edəcək: "Bu sırada Avrasiya İqtisadi İttifaqının üzvləri də qazanc əldə edə bilərlər. İlk növbədə Ermənistan burada mövqeyini gücləndirə bilər. Ona görə də Baş nazir Nikol Paşinyan bildirir ki, bu, Aİİ məkanı üçün vacib bir məqamdır".
Abbasov vurğulayıb ki, Ermənistan quruma üzv ölkədir və burada həm alış-veriş, həm ticarət imkanları, həm də əməliyyatlar əsasən Rusiya və Qazaxıstanla bağlıdır: "Yəni Avrasiya məkanına daxil olan ölkələrlə birlikdə bu proseslərin müsbət təsirləri vardır. Ancaq Ermənistan hələ də prosesi reallaşdırmaqda tələsmir. Vaşinqtonda Prezident İlham Əliyev də bildirdi ki, Ermənistan ev tapşırıqlarını daha ciddi yerinə yetirməlidir".
Politoloq qeyd edib ki, Azərbaycan öz üzərinə düşən öhdəliklərin demək olar ki, hamısını həyata keçirir: "Prezident İlham Əliyev bildirib ki, 2028-ci ilə qədər orta dəhliz işə düşməlidir. Zəif hal isə Ermənistanın fəaliyyəti ilə bağlıdır. Danışıqlar və söz vermələr gündəmdədir, amma implementasiya məsələsində ciddi kəsirlər var. Ermənistan hökuməti açıqlamalarını əməli işlərlə təsdiqləməlidir".
Abbasov əlavə edib ki, İşlək vəziyyətdə olan və strateji əhəmiyyət daşıyan kommunikasiyalar bütün ölkələr üçün yeni imkanlar açır: "Son illərdə daşımalarda böyük dinamika yaranıb, artan göstəricilər var və burada Azərbaycan ön sıralardadır. Hətta pandemiya dövründə də dünya ölkələri sərhədlərini bağlayarkən, biz daşımalarda artım əldə etmişdik. Bu göstərir ki, bəzi dövlətlərin tormuz rolu həm özünü, həm də ətrafı geri atır. Ermənistan isə ilk növbədə sağlam nümunələrə köklənməli, işləri həm öz xeyrinə, həm də region dövlətləri üçün faydalı şəkildə həyata keçirməlidir".
“Avrasiya İqtisadi Təşkilatının sağlam proqramları var. Bu proqramlar iqtisadi inkişaf və insanların rifahının yüksəlməsinə yönəlib,” – deyə Tofiq Abbasov fikrini tamamlayıb.
Mehriban Yariyeva
10:07 05.11.2025
Oxunuş sayı: 1598