BDU-da Azərbaycan radiosunun 100 illiyinə həsr olunmuş elmi seminar keçirilib
Bakı Dövlət Universiteti(BDU) Jurnalistika fakültəsində Multimedia və elektron kommunikasiya kafedrasının müəllimi, elmlər doktoru Sevil Həsənovanın moderatorluğu ilə "Azərbaycan radiosu 100 illiyin astanasında: Rəqəmsal media mühitində radionun inkişaf meyilləri" adlı elmi-seminar keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan fakültənin Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, professor Qulu Məhərrəmli Azərbaycan radiosunun tarixi əhəmiyyətindən, keçdiyi inkişaf yolundan və çağdaş rəqəmsal dövrdə qarşıya çıxan çağırışlardan danışıb. O, radionun informasiya mənbəyi kimi bu gün də aktuallığını qoruduğunu və rəqəmsal platformalarda yenilənmə imkanlarının genişləndiyini vurğuladıqdan sonra, 6 noyabr Radio və Televiziya İşçilərinin peşə bayramı gününü qeyd edərək, həmkarlarını bu münasibətlə təbrik edib.
Moderator Sevil Həsənova çıxışında radionun 100 illik tarixi kontekstində onun cəmiyyətin informasiya təminatında oynadığı rola toxunub. Rəqəmsallaşma dövründə radionun ənənəvi funksiyalarını qorumaqla yanaşı, internet radio, podkastlar və mobil tətbiqlər kimi yeni formatlarda auditoriya ilə ünsiyyət imkanlarını genişləndirdiyini bildirib:
"Azərbaycan radiosunun əsası 1926-cı ildə qoyulub və bu gün 100 illik yubileyə doğru irəliləyən radio, televiziya ilə birgə milli informasiya məkanında mühüm rol oynamağa davam edir. Televiziya və radio gününün qeyd olunması həm bu sahədə çalışan peşəkarların əməyinə verilən dəyəri, həm də medianın cəmiyyət həyatındakı əvəzsiz rolunu ön plana çıxarır".
Tədbir zamanı Sevil Həsənovanın rəhbərliyi ilə tələbələrin hazırladığı "Bulaq" verilişinin müasir dövrə imitasiyası, "Bəxtiyar Vahabzadə 100 il", "Hüseyn Cavid" Qız məktəbində"" adlı praktik işlər təqdim edilib.
Tədbirdə tələbələr və müəllim heyəti mövzu ilə bağlı suallarla çıxış edərək radionun gələcək inkişaf perspektivləri barədə fikir və təkliflərini bölüşüblər.
Sonda xatirə fotosu çəkilib.




Aytac Kərimova
Banuçiçək Kalbalıyeva
19:09 04.11.2025
Oxunuş sayı: 1515