Prezident İlham Əliyev elmin inkişafına xüsusi diqqət və qayğı ilə yanaşır - Deputat
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubiley yığıncağında iştirak edib, çıxış edərək elm xadimlərini və ziyalıları səmimi qəlbdən təbrik edib. Dövlət başçısı bildirib ki, son 10 il ərzində Azərbaycan elminə ayrılan vəsait iki dəfədən çox artıb.
Azərbaycan dövlətinin elmə göstərdiyi diqqət və qayğı ilə bağlı Milli Məclisin deputatı, professor Anar İsgəndərov Crossmedia.az-a geniş açıqlama verib:
“Dövlət başçısının yubiley mərasimindəki çıxışı Azərbaycan elminə, ziyalılarına və ümumən milli-mənəvi dəyərlərimizə verilən yüksək qiymətin bariz nümunəsidir.Prezident İlham Əliyev Azərbaycan elminin inkişafında mühüm rol oynayan alimləri, elm adamlarını, AMEA-nın əməkdaşlarını səmimi qəlbdən təbrik etdi, elmimizin gələcəyi ilə bağlı dərin və strateji baxışlarını bölüşdü. Onun çıxışı bir daha göstərdi ki, dövlət başçısı hər bir sahəyə, o cümlədən elmin inkişafına xüsusi diqqət və qayğı ilə yanaşır”.
Professor qeyd edib ki, Prezidentin “Mən burdayam, mən sizin yanınızdayam, nə kömək lazımdır, mən buna hazıram” sözləri dövlət rəhbərinin alimlərə və ziyalılara olan səmimi münasibətini, Azərbaycan dövlət başçısının böyüklüyünü və xalqla birliyini aydın şəkildə nümayiş etdirdi:
“Bu, bir daha onu göstərdi ki, Prezident İlham Əliyev dövləti idarə etmək, Azərbaycanın uğurlarını artırmaq üçün bütün imkanlara və siyasi iradəyə malik olan liderdir.Cənab Prezidentin dediyi kimi, ‘əgər o söz Azərbaycan dilində varsa, kənar dildə olan sözün işlədilməsinə nə ehtiyac var?’ — bu, həm dilə olan sevgini, həm də milli kimliyimizin təməlini əks etdirən dərin məna daşıyan fikirdir. Xalqın böyüklüyü onun dilinə olan məhəbbəti ilə ölçülür və bu baxımdan Prezidentin çağırışı çox mühümdür”.
A.İsgəndərov bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Milli Elmlər Akademiyasının gələcəyi ilə bağlı müxtəlif fikirlər səslənmişdi: “Ulu Öndər Heydər Əliyev bu məsələdə qəti mövqe nümayiş etdirmişdi. Hakimiyyətə gəldikdə onun ilk görüşlərindən biri məhz AMEA əməkdaşları ilə olmuşdu. Heydər Əliyev elmin inkişafını, ziyalıların fəaliyyətini hər zaman yüksək qiymətləndirirdi. Bu gün isə həmin siyasət cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Son on il ərzində elmə ayrılan vəsaitin iki dəfədən çox artırılması, elmin inkişafına yönəlmiş Elm Fondunun yaradılması və elmi istiqamətlərin dəstəklənməsi dövlətin bu sahəyə göstərdiyi diqqətin bariz göstəricisidir.
Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində səsləndirdiyi fikirlər bir daha sübut etdi ki, ölkəmizdə elmin inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Dövlət başçısı həmçinin Qərbi Azərbaycanın tarixi ilə bağlı araşdırmaların dərinləşdirilməsinin vacibliyini qeyd etdi. Bu istiqamətdə görülən işlər mühüm olsa da, Prezidentin də vurğuladığı kimi, bu fəaliyyət daha da sistemli və ardıcıl şəkildə davam etdirilməlidir”.
Fidan Quliyeva
17:05 04.11.2025
Oxunuş sayı: 1674