BDU-da “Zəfər” konsert proqramı keçirilib
Bakı Dövlət Universitetinin “BDU könüllüləri” təşkilatının “KönüllüBand” musiqi klubunun təşəbbüsü və BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin dəstəyi ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər” konsert proqramı təşkil olunub.
Crossmedia.az xəbər verir ki, BDU-nun rektoru Elçin Babayev tələbə və müəllimləri qürur və şərəf bayramı olan Zəfər Günü münasibətilə təbrik edib. O, qələbənin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Ordunun qəhrəmanlığı və xalqın birliyi sayəsində əldə olunduğunu bildirib.
Rektor konsertdə iştirak edən Xalq artisti Alim Qasımova, Əməkdar artistlər Elnarə Abdullayeva və Fərqanə Qasımovaya təşəkkürünü ifadə edib.
Tədbirdə Xalq artisti Alim Qasımov və Əməkdar artist Fərqanə Qasımova “Azərbaycan himni” və “Qarabağ türküsü”, Əməkdar artist Elnarə Abdullayeva isə “Naçar gedər”, “Azərbaycan” mahnılarını ifa ediblər.
Proqramda həmçinin BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin solistləri, rəqs qrupu və “KönüllüBand” musiqi klubunun üzvləri “Sən qalibsən!”, “Xudayar təsnifi”, “Qarabağ”, “Azərbaycan” adlı musiqi nömrələri, eləcə də “Qavalla rəqs” və “İgidlər rəqsi” ilə çıxış ediblər.
Zəfər əhval-ruhiyyəli konsert gənclərin böyük marağına səbəb olub.
19:20 03.11.2025
Oxunuş sayı: 1586