Osloda “Bir Gülüş Günü”
Norveçin paytaxtı Oslodakı Azərbaycan Evinin və Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin təşkilatçılığı ilə “Deichman Bjorvika” Mədəniyyət Mərkəzində Əməkdar artist Dilarə Əliyevanın soydaşlarımızla “Bir Gülüş Günü” adlı görüşü olub.
Crossmedia.az xəbər verir ki,görüş zamanı Dilarə Əliyeva soyuq şimal ölkəsində belə isti və səmimi bir görüşün keçirilməsindən məmnunluğunu ifadə edib. O, bu cür tədbirlərin onun yaradıcılığına müsbət təsir etdiyini vurğulayıb.
Tədbirdə Əməkdar artist müxtəlif şeirlər səsləndirib. 8 fevral Beynəlxalq Nənələr Gününə həsr edilən və Dilarə Əliyevanın da rol aldığı “Nənəyə məktub” qısametrajlı filmi nümayiş etdirilib.
Görüş müzakirələrlə davam edib. Soydaşlarımızın suallarını cavablandıran Əməkdar artist görüşü yumoristik və maraqlı söhbətlərlə zənginləşdirib. Azərbaycandan olan ifaçı Orxan Cəlilovun səsləndirdiyi “Azərbaycan” mahnısı isə tədbirə əlavə rəng qatıb.
Sonda ssenarist və prodüser, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Norveç üzrə koordinatoru Fariz Əliyevin tərtib etdiyi “Dilarənin monoloqları” adlı kitab Əməkdar artistin imzası ilə iştirakçılara təqdim olunub.
18:38 03.11.2025
Oxunuş sayı: 1366