Pakistanla Əfqanıstan arasında nə baş verir? - Mühüm Türkiyə faktoru
Pakistan Türkiyənin xahişi ilə Əfqanistanla danışıqları bərpa etməyə qərar verib. Bu barədə Pakistanın "Geo News" nəşri mənbələrə istinadən bildirib. Mənbələrin məlumatına görə, danışıqlar İslamabadın Kabula irəli sürdüyü əsas tələb - Əfqanıstan ərazisində fəaliyyət göstərən terror qruplaşmalarına qarşı aydın və səmərəli tədbirlərin görülməsi ilə bağlı olacaq. Pakistanın Əfqanıstanla danışıqları bərpa etməsi regionda sabitliyə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı siyasi şərhçi Zeynal Əmrəliyev Crossmedia.az-a verdiyi açıqlamasında bildirib ki, Pakistan və Əfqanistan arasında danışıqların bərpa olunması, şübhəsiz ki, regionda sabitliyin təmin edilməsinə yönəlmiş mühüm addımdır: "Türkiyənin bu prosesdə vasitəçilik təşəbbüsü ilə çıxış etməsi isə onun İslam dünyasında nə qədər nüfuzlu dövlət olduğunu bir daha göstərir. Ümumilikdə, Pakistan və Əfqanistan arasında uzun illərdir davam edən bir sıra mübahisəli məsələlər mövcuddur. Xüsusilə, sərhəd qaydalarının pozulması bu bölgədə tez-tez müşahidə olunur. Talibanın Əfqanıstanda yenidən hakimiyyətə gəlməsindən sonra iki ölkə arasında münasibətlərdə müəyyən gərginliklər yaranıb. Qeyd etmək lazımdır ki, Taliban bir zamanlar Pakistanda da aktiv fəaliyyət göstərib. Məsələn, Pakistan Talibanının lideri Beytullah Mənsud bir çox hadisələrdə ön plana çıxmış, onun adı Pakistanda baş verən terror aktları ilə bağlı hallanmışdı".
Ekspert qeyd edib ki, İslamabadın Taliban hökumətinə qarşı ehtiyatlı mövqeyi həm keçmişdə baş verən hadisələrlə, həm də sərhəd pozuntuları ilə bağlıdır: "Bundan əlavə, Əfqanıstan–Pakistan sərhədində bir neçə mübahisəli bölgə, o cümlədən su xətləri ilə bağlı problemlər mövcuddur. Qeyd etmək lazımdır ki, bu, dağlıq bir bölgədir və burada təhlükəsizliyin qorunması olduqca çətindir. Eyni zamanda, regionda ciddi su qıtlığı müşahidə olunur. Bir müddət əvvəl Hindistan və Pakistan arasında da su ehtiyatları ilə bağlı gərginlik yaşanmışdı. Bu kimi məsələlər bəzən Pakistan və Əfqanistan arasında da toqquşmalara səbəb olur. Türkiyənin bu məsələdə fəal mövqe nümayiş etdirməsi, şübhəsiz ki, hər iki ölkə tərəfindən müsbət qarşılanacaq. Bu, onu göstərir ki, rəsmi Ankara İslam dünyasında qarşıdurmaların baş verməsini istəmir və regional sabitliyin qorunması üçün öz nüfuzundan istifadə edir. Ümumilikdə, bu, olduqca müsbət hadisədir. Düşünmək olar ki, bu addım həm də Türkiyənin Türk dünyasında nüfuzunun daha da güclənməsinə xidmət edir. Lazım gələrsə, Türkiyə Pakistan və Əfqanistan arasında vasitəçi rolunu uğurla icra edə bilər’’.
Sevinc Yarməmmədova
16:19 30.10.2025
Oxunuş sayı: 2594