Gürcüstan Rusiyanın “çətiri altına girir”: Rusiyaya zərbə!

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ ilə strateji tərəfdaşlığın bərpasını istədiklərini bildirib. O qeyd edib ki, bu tərəfdaşlıq keçmiş Cozef Bayden administrasiyası dövründə, Ağ Evin hazırkı rəhbəri Donald Trampın inauqurasiyasından az əvvəl ləğv olunub. Baş nazirin sözlərinə görə, indi qərar Tramp administrasiyasının mövqeyindən asılı olacaq və Gürcüstan bu əməkdaşlığa tam hazırdır.
Gürcüstanın ABŞ ilə strateji tərəfdaşlığı bərpa etmək istəyi regionda sabitliyi gücləndirmək və ikitərəfli münasibətləri möhkəmləndirmək niyyətini göstərir. Bununla yanaşı, ABŞ administrasiyasının qərarı tərəfdaşlığın gələcəyini müəyyən edəcək. Bu prosesdə diplomatik danışıqlar və qarşılıqlı etimad əsas rol oynayacaq.
Mövzu ilə bağlı Ədalət partiyasının sədri, politoloq Mütəllim Rəhimli Crossmedia.az saytına açıqlama verib.
M.Rəhimli Gürcüstanın balanslaşdırılmış siyasət aparmağa üstünlük verdiyini bildirib:
“Cənubi Qafqaz ölkələri arasında Qərbə və ABŞ-yə ən çox inteqrasiya edən ölkə Gürcüstan olub. Gürcüstan bu regionda yeganə dövlətdir ki, onun vətəndaşları Avropa İttifaqı ölkələrinə vizasız giriş edə bilirlər. Bu isə demokratik dəyərlərin bu ölkədə daha çox inkişafına imkan verir. Keçmiş prezident Mixail Saakaşvilinin hakimiyyəti dövründə Gürcüstan birmənalı olaraq Qərbyönümlü siyasət aparırdı. Nəticədə Gürcüstanın iki muxtar respublikası Rusiya tərəfindən işğal olundu. Buna görə də Rusiya ilə münasibətlər tamamilə korlandı və bütün əlaqələr dayandırıldı. Hazırkı İvanişvili hakimiyyəti isə daha çox balanslaşdırılmış siyasət aparmağa üstünlük verir. Rusiya ilə münasibətlərin bərpası onların prioritetlərinə daxil olduğu görünməkdədir. Çünki Gürcüstan son vaxtlar Qərblə müəyyən qədər məsafə saxlamağa çalışır. Bu da çox güman ki, Rusiyanı qıcıqlandırmamağa hesablanıb”.
O bildirib ki, rəsmi Tblisinin ABŞ-I ilə strateji tərəfdaşlıq əlaqələri qurmaq niyyəti bu ölkənin himayəsindən istifadə etmək məqsədinə xidmət edir: “Avropa İttifaqı i ilə ABŞ-nin getdikcə dərinləşən mövqe ayrılığı artıq ABŞ ilə ikitərəfli əlaqələri vacib edir. Təbii ki, Gürcüstan -ABŞ əlaqələrindən ən çox narahat olan ölkə Rusiya olacaq. Bu əməkdaşlıq Rusiyanın regiondakı strateji maraqlarına toxunarsa, Gürcüstanla yeni bir gərginliyin əsası qoyulacaq. Ancaq düşünürəm ki, Gürcüstan tarixi təcrübəsinə istinad edərək, prosesi hec bir tərəfin maraqlarına xələl gətirmədən apara biləcək”.
Nicat Rüstəmzadə
22:05 13.09.2025
Oxunuş sayı: 1223