Polşa Ukraynada hərbi təlimçilər yerləşdirəcək

Polşanın Baş naziri Donald Tusk Milli Təhlükəsizlik Şurasının iclasından sonra açıqlayıb ki, Varşava Ukraynaya hərbçilər göndərəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb. Onların əsas vəzifəsi ukraynalı hərbçilərə pilotsuz uçuş aparatlarını məhv etmə bacarıqlarını öyrətmək olacaq. Tusk vurğulayıb ki, qərar Ukrayna prezidenti Volodimir Zelenski ilə razılaşdırılıb. Yaxın günlərdə Ukraynanı Polşanın xarici işlər naziri Radoslav Sikorski və müdafiə naziri Vladislav Kosinyak-Kamyş ziyarət edəcək.
Bu arada, ABŞ prezidenti Donald Tramp Nyu-Yorkda keçirilən beysbol oyununa qatılıb. O, tamaşanı gülləkeçirməz şüşə arxasından izləyib. Halbuki, daha əvvəl Tramp təhlükəsizliyindən narahat olmadığını, hətta Çarli Kirkin qətli hadisəsindən sonra belə əlavə qorxu hiss etmədiyini bildirmişdi. Məlumatına görə, prezidentin mühafizə tədbirləri nəzərəçarpacaq dərəcədə gücləndirilib.
Rusiya Müdafiə Nazirliyi isə ötən gecə Ukrayna tərəfindən həyata keçirilən genişmiqyaslı PUA hücumu barədə məlumat yayıb. Bildirilir ki, ümumilikdə 221 dron məhv edilib. Onların ən çoxu Bryansk (85), Smolensk (42) və Leninqrad (28) vilayətləri üzərində vurulub. Bundan başqa, PUA-lar Moskva bölgəsi, Belqorod, Kaluqa, Novqorod, Orlov və digər vilayətlərdə də zərərsizləşdirilib.
Donald Tramp Rusiya dronlarının Polşa ərazisinə daxil olması ilə bağlı insidentə də münasibət bildirib. Onun sözlərinə görə, bu, ehtimal ki, səhv nəticəsində baş verib: "Bu, səhv ola bilərdi. Amma səbəblərdən asılı olmayaraq, baş verənlərdən məmnun deyiləm. Ümid edirəm ki, bütün bunlar tezliklə sona çatacaq".
Xumar Emilqızı
10:25 12.09.2025
Oxunuş sayı: 1183