Xorvatiya Prezidenti İsrail XİN rəhbəri ilə görüşdən imtina etdi

Xorvatiya Prezidenti Zoran Milanoviç İsrailin xarici işlər naziri Gideon Saar ilə görüşməkdən imtina edib. Saar rəsmi səfər çərçivəsində Zaqrebdə olsa da, Milanoviç onunla görüşməyəcəyini bildirib. Buna səbəb İsrailin Qəzzada dinc əhaliyə qarşı davam etdirdiyi zorakılıq və hücumlar göstərilir.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Milanoviç sosial şəbəkədə açıqlama yayaraq sual edib: “Niyə İsrail naziri Xorvatiyaya dəvət olunub və niyə onunla baş nazir Andrej Plenkoviç, XİN rəhbəri Qordan Qrliç Radman və parlamentin sədri Qordan Yandrokoviç görüşüb?” Prezident vurğulayıb ki, İsrail Qəzzada soyqırımı davam etdirir və belə bir vaxtda bu səviyyəli görüşlərin keçirilməsi qəbuledilməzdir.
Milanoviç əlavə edib ki, hökumət üzvlərinin İsrail rəsmiləri ilə görüşməsi əslində etnik təmizləmənin və hərbi cinayətlərin tanınması deməkdir. O, həmçinin Xorvatiya hökumətini Fələstin dövlətini tanımaq əvəzinə müharibə və zorakılıq siyasəti yürüdən israilli siyasətçiləri dəstəkləməkdə tənqid edib.
Prezident bildirib ki, Qəzzaya qarşı hücumları 1990-cı illərdə Xorvatiyanın yaşadığı müharibə ilə müqayisə etmək düzgün deyil. Onun sözlərinə görə, o dövrdə Xorvatiya özünü müdafiə edirdi, İsrail isə bu gün Qəzzaya qəddar hücumlar həyata keçirərək on minlərlə insanı qətlə yetirir.
23:59 11.09.2025
Oxunuş sayı: 863