Donald Tramp Çarli Kirkin qətlə yetirilməsinə münasibət bildirdi

ABŞ prezidenti Donald Tramp Oval kabinetdən etdiyi müraciətdə konservativ fəal Çarli Kirkin qətlə yetirilməsinə görə “dərin kədər və qəzəb” hissi keçirdiyini bildirib və baş verənlərə görə “radikal solçuların ritorikasını” günahlandırıb.
Crossmedia.az bildirir ki, Tramp dörd dəqiqəlik video müraciətində “Çarli Kirk Yuta ştatında kollec ərazisində qətlə yetirildi. Bu, Amerika üçün qaranlıq bir anıdır” – deyə vurğulayıb. Prezident Kirkə “həqiqət və azadlıq uğrunda şəhid” kimi qiymət verib, onun ailəsinə başsağlığı və dualarını çatdırıb.
Tramp, həmçinin, Kirkə edilən hücumu özünə qarşı Pensilvaniyanın Batler şəhərində törədilən sui-qəsd cəhdi və digər siyasi zorakılıq halları ilə müqayisə edib. O, bu kontekstdə 2017-ci ildə Nümayəndələr Palatasının respublikaçı çoxluğunun lideri Stiv Skalizin yaralanması və ötən ilin dekabrında Nyu-Yorkda UnitedHealthcare şirkətinin rəhbərinin qətlə yetirilməsini də xatırladıb.
Prezident Tramp “radikal solun siyasi zorakılığını” sərt tənqid edərək bunun qarşısını almaq üçün daha geniş tədbirlər planı təqdim edəcəyini bildirib. O, bu cinayətdə və digər siyasi zorakılıq aktlarında əli olanların – o cümlədən, onları maliyyələşdirən və dəstəkləyən təşkilatların aşkara çıxarılacağını və məsuliyyətə cəlb ediləcəyini vurğulayıb.
Xatırladaq ki, sentyabrın 10-da 31 yaşlı Çarli Kirk universitetdə tələbələr qarşısında çıxış edərkən boğaz nahiyəsindən güllə yarası alıb. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Çarli Kirk ABŞ-da tanınmış konservativ fəal idi. O, tələbə kampuslarında mühafizəkar dəyərlərin təbliği ilə məşğul olan Turning Point USA təşkilatının qurucusu idi. Trampın ən fəal tərəfdarlarından biri olan Kirk, həmçinin məşhur podkastlar aparır və sosial şəbəkələrdə milyonlarla izləyici auditoriyasına malik idi.
09:43 11.09.2025
Oxunuş sayı: 1072