Türkiyə kəşfiyyatı HƏMAS nümayəndə heyətini mümkün hücum barədə xəbərdar edib

Milli Kəşfiyyat Təşkilatı (MİT) Qətərdə yerləşən Fələstin hərəkatı HƏMAS-ın nümayəndə heyətini İsrailin ehtimal olunan hücumu barədə əvvəlcədən xəbərdar edib. Bu xəbərdarlıq nəticəsində danışıqlar aparan nümayəndələrin əksəriyyəti sağ qalıb.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Türkiyə qəzetləri yazır: MİT-in xüsusi qrupu gün ərzində İsrail hərbi aviasiyasının hərəkətlərini yaxından izləyib. İsrail Hərbi Hava Qüvvələri əvvəlcə Tunis yaxınlığında Qəzzaya yollanan humanitar donanmanı hədəfə alıb. Daha sonra Suriyanın Latakiya və Tartus şəhərlərinə, həmçinin Livandakı müəyyən obyektlərə hava zərbələri endirilib. Bu hücumların ardınca isə İsrailin hədəfi Qətərdəki HƏMAS nümayəndələri olub.
Məlumatda qeyd olunur ki, Türkiyə kəşfiyyatının vaxtında verdiyi xəbərdarlıq sayəsində Dohadakı HƏMAS nümayəndələri üçün təhlükəsizlik tədbirləri gücləndirilib. Nəticədə yüksək vəzifəli nümayəndələrin böyük bir qismi xilas edilib. Lakin hadisə zamanı bir neçə nəfərin həyatını itirdiyi, onların arasında Qəzza rəhbərlərindən Xalil əl-Xeyyanın ofis rəhbəri Cihad Labedin və əl-Xeyyanın oğlu Hammamın da olduğu bildirilir.
19:52 10.09.2025
Oxunuş sayı: 755