ABŞ Konqresmeni Rusiyanı Polşaya qarşı müharibə elan etməkdə ittiham etdi

ABŞ-nin Cənubi Karolinadan olan respublikaçı konqresmeni Co Vilson Rusiyanı Polşaya qarşı müharibə elan etməkdə ittiham edib və Ukraynaya Rusiya ərazisinə zərbələr endirə biləcək silahların verilməsinə çağırış edib. Bu barədə məlumat siyasətçinin X sosial şəbəkəsindəki paylaşımında yer alıb.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Vilson Rusiyanın son addımlarını kəskin tənqid edərək bildirib: “İran istehsalı olan Shahed pilotsuz uçuş aparatları ilə Polşaya hücum etmək, NATO üzvünə qarşı açıq şəkildə ‘müharibə aktıdır’”. Onun sözlərinə görə, bu addım yalnız Ukraynaya deyil, bütövlükdə alyansın təhlükəsizliyinə yönəlmiş təhdiddir.
Konqresmen ABŞ administrasiyasını təcili tədbirlər görməyə çağırıb. O, Rusiyanın hərbi gücünü tamamilə zəiflədə biləcək sərt sanksiyaların tətbiq edilməsinin vacibliyini vurğulayıb. Eyni zamanda, Ukraynaya Rusiyanın daxilindəki hədəflərə zərbə endirmək imkanını verəcək silahların göndərilməsini tələb edib.
Vilson əlavə edib ki, Kremlin niyyəti təkcə Ukrayna ilə müharibə aparmaqla məhdudlaşmır. Onun sözlərinə görə, Moskva artıq NATO-nun iradəsini sınağa çəkir və “Rusiyanın sərhədləri yoxdur” deyə bəyan edir. Konqresmen Qərbi xəbərdarlıq etməyə çağırıb: “Rusiyaya göstərilməlidir ki, keçilməz sərhədlər mövcuddur və bu həddi aşmaq mümkün deyil”.
18:10 10.09.2025
Oxunuş sayı: 828