Parlament Vaşinqton Bəyannaməsini tarixi qələbə adlandırdı - DEPUTAT yazır
Müasir, müstəqil Azərbaycan Respublikası 35 ilə yaxın bir dövrü əhatə
edən qısa tarixində bir çox böyük nailiyyətlərə imza atıb. Xüsusilə, 2020-ci
ildə Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin Azərbaycan Ordusuna
verdiyi əmr dünya hərb tarixində görünməyən yeniliyə səbəb oldu. Belə ki, 44
gün ərzində, heç bir mülki şəxsə zərər yetirmədən, Azərbaycan Ordusu 30 il
işğal altında olan ərazilərinin azad olunmasında qabaqcıl hərbi
texnologiyalardan istifadə etməklə böyük Zəfər qazandı.
Bu hadisə, Azərbaycan xalqının və dövlətçiliyinin tarixində ilk böyük
qələbə idi. Bu qələbə müstəqil və suveren dövlət kimi Azərbaycanın əbədi
yaşaması və hüquqlarının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Əldə olunmuş bu Zəfərin hüquqi çərçivəyə salınması və dünya siyasi
arxitekturasında davamlı sülhün təmin olunması məqsədilə Prezident İlham Əliyev
hərb sahəsində olduğu kimi, diplomatiya sahəsində də uğurlu addımlar atır. Ölkə
başçısı müxtəlif beynəlxalq platformalarda, eləcə də ikitərəfli və çoxtərəfli
görüşlərdə, güc mərkəzlərinin maraqlarını nəzərə almaqla, Cənubi Qafqazda daimi
sülhün bərqərar olunmasına yönəlmiş fəaliyyətini əzmlə davam etdirir.
9 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan sonra, 8 avqust
2025-ci ildə Vaşinqton şəhərində ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbayn
və Ermənistan liderləri arasında yeddi bənddən ibarət yeni bir Bəyanatın qəbul
edilməsi, diplomatik müstəvidə Azərbaycanın suverenliyi, ərazi bütövlüyünün tam
bərpasını əks etdirən tarixi hadisə oldu.
Təsadüfi deyil ki, bu strateji sənədin qəbul olunması və regionun gələcəyi
üçün ortaya qoyduğu perspektivlər Azərbaycan ictimaiyyəti, siyasi dairələri, o cümlədən
müdrik xalqımız tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan Respublikasının Milli
Məclisi də ölkədə baş verən ictimai-siyasi hadisələrə reaksiya verən və mövcud
çağırışlara uyğun olaraq müvafiq qərarlar qəbul edən bir institut kimi öz
mövqeyini ortaya qoyaraq, 9 sentyabr 2025-ci il tarixində keçirilən növbədənkənar
sessiyası çərçivəsində "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və
müdrik liderliyin təntənəsi" mövzusunda xüsusi iclasını uğurla başa vurdu.
Bu günə qədər Azərbaycan Parlamenti ölkənin uğurlarının hüquqi əsaslara
söykənməsi və qanuniləşdirilməsi istiqamətində bir çox mühüm iclaslar keçirib,
siyasi konfiqurasiyanın əsas fikirlərini əks etdirən qərarlarla dövlətə dəstəyini
ifadə edib. Eyni zamanda, Azərbaycan tarixindəki uğurlar siyasi və hüquqi qiymətini
də alıb.
Ümumiyyətlə, Konstitusiyamızın 81-ci maddəsinə əsasən, Milli
Məclis qanunverici orqan olaraq artıq 30 ildir Azərbaycanda baş verən
ictimai-siyasi proseslərdə yaxından fəal iştirak edir, ölkənin siyasi arxitekturasının tamamlanması
işinə öz fəaliyyəti ilə əməli töhfələrini verir.
Parlament tərəfindən qəbul olunmuş və Azərbaycan Prezident tərəfindən
təsdqilənmiş Azərbaycan Respublikasının Qanun layihələri bilavasitə ölkə əhalisinin
siyasi dayanıqlılığına təkan verərək siyasi dialoqun təşviqini, milli
birliyimizi, xalqımızın vəhdətini və dövlətimizin müstəqilliyinin
qorunmasını özündə ehtiva edir.
Qanunvericilik fəaliyyəti ilə yanaşı, parlament dövlət idarəetməsində
şəffaflığın və hesabatlılığın təmin olunmasında da vacib rol oynayır. Eyni
zamanda, Milli Məclis beynəlxalq əməkdaşlıq platformalarında da ölkəmizin
maraqlarını təmsil edir. Parlamentin müxtəlif komitələri ölkənin daxili və
xarici siyasəti ilə bağlı geniş müzakirələr apararaq dövlətin strateji kursuna
töhfə verirlər.
Millət vəkillərinin bu dəfə Azərbaycan Respublikası Milli Məclisinin
sədrinə etdikləri müraciət, məhz Azərbaycanın çoxvektorlu xarici siyasəti çərçivəsində,
Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin Vaşinqtonda keçirilmiş görüşlərinin
müzakirəsinə, o cümlədən bu məsələyə Parlamentin münasibətinin
formalaşdırılmasına yönəldi.
Müzakirələr zamanı Prezident İlham Əliyevin ABŞ-a tarixi səfəri
zamanı əldə etdiyi razılaşmaların Ümummilli Lider Heydər Əliyevin milli
maraqlara əsaslanan siyasi kursunun uğurla davam etdirilməsinin parlaq nümunəsi
olduğu, xüsusilə bu razılaşmaların “Konstitusiya və Suverenlik İli”nə təsadüf
etməsinin əlamətdarlığı vurğulandı. Bütün millət vəkilləri yekdil şəkildə Azərbaycan
Prezidentinin ardıcıl və uğurlu xarici siyasətini dəstəklədiklərini ifadə edərək,
dövlət başçısının ətrafında sıx birləşərək, imzalanmış sənədlərin icrası
istiqamətində tam hazır olduqlarını bəyan etdilər.
Milli Məclisdə aparılmış bu müzakirələr bir daha sübut edir ki,
Parlament beynəlxalq əlaqələrdə və təmsil olunduğu beynəlxalq platformalarda,
institutlar və təşkilatlar vasitəsilə Cənubi Qafqazda dayanıqlı sülhün təmin
olunmasına xidmət edən, böyük dövlətlərin razılığı və iştirakı ilə imzalanmış
sülh sənədlərinin təbliğinə və onların həyata keçirilməsinə xüsusi diqqət
yetirir. Eyni zamanda, Azərbaycan tarixinin təhrif olunmasına yol verməmək üçün
beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə cəlb edir.
Bu iclas ölkənin ali qanunverici orqanının regionda
baş verən mühüm proseslərə verdiyi əhəmiyyətin, dövlət başçısının sülh
gündəminə verdiyi dəstəyin və Parlamentin beynəlxalq münasibətlərdə fəal
iştirakının təzahürü idi.
Belə təşəbbüslər, həmçinin Azərbaycan
parlamentarizminin inkişafı və onun milli maraqlara xidmət edən müstəqil
mövqeyinin göstəricisidir. Milli Məclisin sədrinə ünvanlanan müraciət əsasında
çağırılan bu növbədənkənar sessiya bir daha göstərdi ki, ölkə Parlamenti dövlət
siyasətinin mühüm istiqamətlərinə çevik münasibət bildirməklə həm milli
həmrəyliyə, həm də beynəlxalq səviyyədə Azərbaycanın nüfuzunun möhkəmlənməsinə
töhfə verir.
Əminliklə deyə bilərik ki, ölkənin davamlı inkişafının təmin olunması
istiqamətində aparılan islahatların siyasi konfiqurasiyasını təşkil edən Milli
Məclis formalaşmış sağlam siyasi mühit və dialoqun, azərbaycançılıq
ideologiyasının qorunması
üçün bundan sonra da töhfələrini əsirgəməyəcək.
Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı,
Azərbaycan-Amerika Birləşmiş
Ştatları
parlamentlərarası əlaqələr üzrə
işçi qrupunun üzvü
16:30 09.09.2025
Oxunuş sayı: 5235