Putin Zelenskini niyə Moskvaya dəvət etmişdi?: İki lider bir - birinə meydan oxuyur

Ukrayna Prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makronla birgə mətbuat konfransında rusiyalı həmkarı Vladimir Putinin onu Moskvaya dəvət etməsinə münasibət bildirib.
“Amerikalı tərəfdaşlarımız deyiblər ki, Putin məni Moskvaya dəvət edib. Məncə görüşmək istəmədiyinə görə məni Moskvaya dəvət edib. Hazırda Rusiya tərəfdən müharibəni dayandırmaq üçün hər hansı bir istək görmürük”, - Zelenski bildirib.
Yəni Zelenski faktiki olaraq Moskvaya getməkdən imtina edib. Əslində Putin özü də başa düşməli idi, həmkarının Rusiyaya getməsi absurddur. Elə isə niyə, hansı məntiqlə bu dəvət etmişdi?
Bu barədə Crossmedia.az-a danışan politoloq Samir Hümbətov bildirib ki, Putin Zelenskinin Moskvaya getməyəcəyini bilirdi: "Yəni, Putinin Zelenskini Moskvaya çağırması bir tərəfdən ondan qaynaqlanır ki, Zelenski ora getməyəcək. İkincisi, bilir ki, Zelenski ora getsə, bu artıq Ukraynanın məğlubiyyəti qəbul etməsi anlamını daşıyacaq. Üçüncü tərəfdən isə Putinin bu addımı əslində beynəlxalq ictimaiyyətə, Ukraynaya, ukraynalı cəmiyyətə və rus cəmiyyətinə mesaj kimi də xarakterizə oluna bilər".
Müsahibimiz bildirib ki, Kreml bununla güclü dövlət olduğunu göstərmək istəyirdi: " Bu, bir vizyon formalaşdırmaq və təbliğat məqsədi daşıyır. O baxımdan düşünürəm ki, Putinin bu hərəkəti ona xidmət edir. Ona görə də hələ Rusiya-Ukrayna müharibəsində müsbətə doğru hansısa bir dəyişiklik izləmək, gözləmək, məncə, hələ tezdir”.
Mehriban Yariyeva
15:34 05.09.2025
Oxunuş sayı: 1148