Rusiya qonşularına münasibətdə hələ də eyni imperialist zehniyyətlə davranır – Açıqlama

Prezident İlham Əliyevin "Əl-Ərəbiyyə" kanalına müsahibəsində dediyi "Rusiya 1920-ci ildə Azərbaycanı işğal edib" açıqlaması şimal qonşumuzu dəli-divanə edib. Rusiyanın başıpozuq, debil, xəstə "patriot"larının isterik bağırtıları yenə efirləri bürüyüb. Ölkə başçısının reallığı dilə gətirməsi təbii ki, şimal qonşumuzun heç də xoşuna gəlməyib. Dövlət başçısının bu cür açıqlaması Rusiyada birmənalı qarşılanmayıb və Solovyov kimilərinin özündən çıxmasına səbəb olub. Maraqlıdır, bu cür həqiqətlərin fonunda Rusiya niyə öz ədalətsiz mövqeyindən əl çəkmir?
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibənin təsadüfi bir açıqlama deyil, həm indiki reallığın xülasəsi, həm də gələcəyə hesablanmış dolğun yol xəritəsi olduğunu qeyd edib:
“Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə təsadüfi bir açıqlama deyil, həm indiki reallığın xülasəsi, həm də gələcəyə hesablanmış dolğun yol xəritəsidir. Dövlət başçısı orada həm Azərbaycanın mövqeyini, həm də beynəlxalq ictimaiyyət üçün açıq və aydın olan tarixi həqiqətləri ifadə edib.
Əslində İlham Əliyev Rusiyaya qarşı kəskin ritorikadan istifadə etməyib. Əksinə, kifayət qədər yumşaq bir dildə, amma danılmaz tarixi faktı xatırladıb: 1920-ci ilin 27 aprelində Azərbaycan Demokratik Respublikası XI Qırmızı Ordu tərəfindən işğal olundu və müstəqil dövlətimiz süquta uğradı.
Bu, bizim tərəfimizdən uydurulmuş bir tezis deyil. Bunu Rusiya tarixçilərinin özləri də etiraf ediblər. Hətta Jirinovski kimi ultrarasist siyasətçi də ölümündən əvvəl yayılan çıxışlarında açıq şəkildə deyirdi ki, SSRİ süngülərlə, qanla və işğalla qurulub. O, açıq şəkildə Azərbaycanın, Ermənistanın və digər Qafqaz respublikalarının adını çəkərək həmin ölkələrin Sovet qoşunları tərəfindən zorla işğal edildiyini etiraf edib.
Bəs nə üçün Jirinovski deyəndə Moskva sakit qalır, amma Azərbaycan Prezidenti İlham Əliyev eyni tarixi faktı səsləndirəndə Kreml qəzəb və isterika içində çırpınır? Cavab çox sadədir: çünki Rusiya informasiya müharibəsində zəif və arqumentsiz vəziyyətdədir. Bu gün Moskvanın yeganə silahı – Solovyov, Simonyan, Kabanov, Mardan kimi sifarişli təbliğatçıların isterik bağırtılarıdır.”
R.Arifoğlu həmçinin bildirib ki, Rusiyanın bu gün hələ də bu tarixi faktı eşitməkdən isterikaya düşməsi yalnız bir şeyi sübut edir: "Moskva dünənin işğalçı reallığı ilə barışmaq istəmir və bu gün də qonşularına münasibətdə eyni imperialist zehniyyətlə davranır. Tarixi həqiqətləri xatırlatmaq bizim milli borcumuzdur. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk parlamentli respublika idi. 23 ay yaşadı və beynəlxalq səviyyədə tanındı. Amma 1920-ci ilin aprelində Moskvanın göndərdiyi XI Qırmızı Ordu Bakını işğal etdi. Hökumət üzvləri repressiyalara məruz qaldı, minlərlə insan güllələndi, minlərlə ailə sürgün olundu. Azərbaycanın siyasi müstəqilliyi məhz Sovet imperiyası tərəfindən məhv edildi.
Bu faktı danmaq mümkün deyil. Rusiyanın arxivləri də, öz tarixçiləri də bunu təsdiqləyir. Bugünkü Moskvanın bu məsələni ideoloji kampaniyaya çevirməsi isə yalnız onun zəifliyinin göstəricisidir. Çünki işğal faktı Azərbaycan dərsliklərində, universitetlərində, tarix kitablarında açıq şəkildə göstərilib və bu, nəinki bizim, həm də dünya tarixşünaslığında qəbul olunmuş bir həqiqətdir.
Ona görə də, əgər Rusiya bu gün hələ də bu tarixi faktı eşitməkdən isterikaya düşürsə, bu, yalnız bir şeyi sübut edir: Moskva dünənin işğalçı reallığı ilə barışmaq istəmir və bu gün də qonşularına münasibətdə eyni imperialist zehniyyətlə davranır".
"Azərbaycan xalqı isə bir daha bəyan edir: biz tarixi unutmuruq, işğalı heç vaxt yaddaşımızdan silmirik. 1920-ci ildə müstəqilliyimiz zorla əlimizdən alınsa da, 1991-ci ildə biz öz istiqlaliyyətimizi bərpa etdik və bu dəfə heç kimə onu tapdalamağa imkan verməyəcəyik” – deyə o əlavə edib.
Elmir Heydərli
19:25 02.09.2025
Oxunuş sayı: 1518