Rusiyanın Qazaxıstana qarşı saxta informasiya hücumu

Qazaxıstanın sosial şəbəkə seqmentində Pavlodar, Aktobe və Qərbi Qazaxıstan vilayətlərinin akimləri (icra başçıları) adından yayılan saxta videomüraciətlər geniş şəkildə paylaşılır.
Crossmedia.az xəbər verir ki, həmin müraciətlərdə iddia olunur ki, Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayan Qazaxıstan vətəndaşları Rusiyada keçdikləri hərbi xidməti Qazaxıstan ordusunda xidmət kimi tanıda biləcəklər.
Qazaxıstan bəyan edib ki, bu məlumatlar saxtadır, rəsmilərdən heç kim bu cür açıqlama verməyib. Bu, ölkədə sabitliyi pozmaq, dövlətə inamı sarsıtmaq və vətəndaşları başqa ölkələrin münaqişələrinə cəlb etmək məqsədilə aparılan informasiya təxribatıdır. Bu ilk belə hadisə deyil.
Qazaxıstan bundan əvvəl də oxşar informasiya hücumlarına məruz qalıb. Hədəf kimi aşağıdakı metodlardan istifadə olunub: yüksək rütbəli məmur və tanınmış şəxslərin adından verilmiş yalan açıqlamalar, saxta müsahibələr, videofraqmentlər və “xəbərlər”, telegram kanalları və xarici təsirə açıq media resursları vasitəsilə yayım.
Əvvəlki feyk kampaniyalarla bağlı müstəqil jurnalistlər tərəfindən aparılan araşdırmalar göstərdi ki, bu təxribatların arxasında Rusiya vətəndaşı olan, RF-nin sərhəd bölgələrində yaşayan şəxslər dayanır - hücumlarda saxta məlumatlar və manipulyasiya üzrə ixtisaslaşmış koordinasiyalı qruplar iştirak edir.
Məqsəd aydındır: cəmiyyətdə inamsızlıq yaratmaq, saxta informasiya gündəmi formalaşdırmaq və Qazaxıstanı üçüncü tərəflərin geosiyasi oyunlarına sürükləmək. Çıxış yolu rəsmi mənbələrlə təsdiqlənməmiş məlumatlara inanmaqdır.
Dövlət xəbəri görünüşündə olan videoları və “sitatları” yoxlamaq lazımdır. Qazaxıstan neytral dövlətdir. Onu yalan məlumatlarla başqa münaqişələrə cəlb etmək suverenliyinə təhdiddir.
Qeyd edək ki, bu informasiya hücumu təkcə Qazaxıstanla məhdudlaşmır. Azərbaycan da bu tip feyk informasiyaların və manipulyasiya cəhdlərinin hədəfindədir. Məqsəd – azərbaycanlıları da yad geosiyasi oyunlara cəlb etməkdir. Qardaş xalqlar birgə informasiya təhlükəsizliyini qorumalı, təxribatlara və saxta xəbərlərə uymamalıdır.
Xumar Emilqızı
10:34 16.07.2025
Oxunuş sayı: 899