Paşinyanın Brüsselə gözlənilməz səfəri: ABŞ-nin vasitəçiliyi və Rusiyanın bölgədən sıxışdırılması müzakirə olunub

Ermənistanın Baş naziri Nikol Paşinyanın 14 iyulda Brüsselə etdiyi təcili və gözlənilməz səfərin əsas səbəbi Avropa İttifaqı rəhbərliyinin ABŞ-nin vasitəçiliyi ilə Əbu-Dabidə keçirilən Ermənistan-Azərbaycan danışıqlarının detalları ilə maraqlanması olub.
Bu barədə Crossmedia.az “Hraparak” qəzetinə istinadən məlumat verir ki, Brüsseldə Paşinyanın bu görüşlərə çağırılmasının səbəbi Vaşinqtonun vasitəçiliyi ilə Zəngəzur dəhlizi məsələsində razılaşma daxil olmaqla, danışıqlarda sürətli irəliləyiş əldə olunması, Aİ-nin isə uzun müddətdir bu prosesdə irəliləyişə nail ola bilməməsidir. Qəzetin iddiasına görə, Avropa tərəfi bu nəticələrin səbəblərini şəxsən Paşinyanın dilindən eşitmək istəyib.
Mənbələrin bildirdiyinə görə, səfər hətta “Vətəndaş Müqaviləsi” partiyasının bir çox üzvü üçün də gözlənilməz olub və yalnız az sayda şəxs bundan öncədən məlumatlı olub. Brüsseldə Paşinyan Avropa Şurasının sədri Antoniu Koşta, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Fransa Prezidenti Emmanuel Makronla görüşlər keçirib. “Graparak”ın məlumatına görə, bu görüşlər zamanı Paşinyan Rusiyanın bölgədən tamamilə çıxarılmasına yönəlik proqramı sona qədər yerinə yetirməyə söz verib.
Görüşlərdən sonra yayılan rəsmi bəyanatlarda da bəzi antirusiya məzmunlu razılaşmaların olduğu hiss edilir. Məsələn, “xarici informasiya manipulyasiyaları və müdaxilələrə qarşı birgə mübarizə” təşəbbüsləri və sanksiyaların dolanmasının qarşısını almaq üçün atılmış addımlara görə Paşinyana təşəkkür edilməsi bu istiqamətdəki əməkdaşlığa işarə edir.
Avropa İttifaqının yaydığı rəsmi məlumata görə, Paşinyan, Koşta və fon der Leyen arasında keçirilən üçtərəfli görüş zamanı Aİ Ermənistanla dezinformasiya və kibertəhdidlərə qarşı mübarizə sahəsində əməkdaşlıq təklif edib. Həmçinin, Global Gateway strategiyası çərçivəsində Ermənistana göstəriləcək dəstəyin 2,5 milyard avroya qədər artırılması planlaşdırılır.
Fidan Qarayeva
20:23 15.07.2025
Oxunuş sayı: 1268