Gürcüstan parlamentinin spikeri Aİ-ni SSRİ-yə bənzətdi

Gürcüstan parlamentinin sədri Şalva Papiuaşvili Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallasın bəyanatına münasibət bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Kallasın çıxışında Brüsselin sanksiyalar tətbiq edə biləcəyi şəxslərin siyahısında iki gürcü hakimin də yer ala biləcəyi qeyd olunmuşdu.
Papiuaşvili bu addımı sərt şəkildə tənqid edib: “Bu, Brüsselin hazırda getdiyi acınacaqlı bir yoldur. Avropa İttifaqının vətəndaşları bu vəziyyətə baxmalı və qərar verməlidirlər: Onlar Brüsselin belə bürokratlar səbəbilə müstəqil ölkələrə, müstəqil məhkəmə sistemlərinə, hakimlərə təhdidlər yönəldən bir Sovet İttifaqına çevrilməsini istəyirlərmi?”
Qeyd edək ki, o, Avropa İttifaqının səfirinin çox zaman izahat verməyə belə ehtiyac duymadığını, lakin bu dəfə cavab verilməli olduğunu bildirib: “Biz görürük ki, müxtəlif ölkələrin səfirləri məhkəmə iclaslarında iştirak edərək hakimlər üzərində təzyiq yaratmaq istəyirlər və bu da sonradan Aİ tərəfindən səsləndirilən təhdidlərə zəmin yaradır".
"Biz Sovet İttifaqından ona görə uzaqlaşmadıq ki, Brüsseldə yenidən Sovet İttifaqını qarşımızda görək,” – deyə Papiuaşvili vurğulayıb.
17:00 15.07.2025
Oxunuş sayı: 852