Rusiya Ermənistana silah daşıyır - Paşinyana göz dağı vermək fikrindədir

Son günlər Rusiyadan Ermənistana hərbi təyinatlı daşımaların intensivləşməsi müşahidə olunur. Son 10 gün ərzində Ermənistana artıq 12-ci hərbi yük təyyarəsi gəlib. Bu reyslərin 10-u Gümrü şəhərində yerləşən Rusiya hərbi bazasına, 2-si isə birbaşa İrəvan hava limanına yönəlib. Məlumata görə, bu gün səhər saatlarında İrəvana ilk təyyarə eniş edib, günün ikinci yarısında isə növbəti yük təyyarəsi hava limanına çatıb. Bu intensiv daşımalar regionda maraq doğurur və vəziyyətin diqqətlə izlənməsinə səbəb olur. Rusiya nə etmək istəyir? Ermənistandakı hərbi bazanı niyə gücləndirir?
Mövzu ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov Crossmedia.az-a açıqlama verib:
“Rusiyadan Ermənistana hərbi yüklərin daşınması həm Rusiyanın 102-ci bazadakı kontingentini yeniləməsi, həm də Cənubi Qafqazla bağlı narahatlıqlarını yoluna qoyması üçündür. Həmçinin bu Ermənistan cəmiyyətinə verilən psixoloji mesajdır. Son məlumatlar ondan ibarətdir ki, Rusiya hazırda 102-ci bazayla bağlı ən son variantlara əl atır. O variantlar da ona hesablanıb ki, Ermənistan daxilində müəyyən qüvvələri hərəkətə gətirsinlər, Paşinyanın Rusiyanın bəzi istəklərini nəzərə almamasına göz dağı versinlər. Rusiya və Ermənistan arasında imzalanan müqaviləyə əsasən Rusiyanın hərbi kontingenti 2044-cü ilə qədər Ermənistanda qalacaq. Bu səbəbdən Rusiya bu gün də silah daşıya bilər, sabah da daşıyacaq. Rusiyanın bir digər narahatlığı isə gedən son proseslərdə Ermənistanın Azərbaycan və Türkiyə ilə yaxınlığıdır. Çünki bu yaxınlıq həmin hərbi bazanın ləğvinə gətirə bilər”.
Ayhan
12:55 12.07.2025
Oxunuş sayı: 543