"Silahı sən tutursan, amma savaş onlarındır" - Rusiyada miqrantlar aldadılaraq müharibəyə aparılır

Son dövrlər Rusiyada miqrantların, o cümlədən Orta Asiya və Cənubi Qafqaz ölkələrindən olan şəxslərin iş təklifi adı ilə aldadılaraq hərbi münaqişə zonalarına göndərilməsi hallarının sayı artıb. Bu cür hadisələri insan hüquqlarının kobud pozuntusu və beynəlxalq hüquqa zidd addım kimi dəyərləndirilir. Buna misal olaraq Goranboy sakini Şəhruz Əliquliyevin iş məqsədilə getdiyi Rusiyada aldadılaraq müharibəyə aparıldığı halı göstərə bilərik.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Aydın Quliyev bildirib ki, belə bir addımın hansı ölkədə baş verməsindən asılı olmayaraq, bu, insan hüquqlarının və vətəndaş hüquqlarının açıq-aşkar pozulmasıdır: "İstənilən özünə hörmət edən dövlət belə hallardan uzaq durmalıdır. Hər bir insan müəyyən bir ölkənin vətəndaşıdır və yalnız həmin dövlət qarşısında hüquq və vəzifələrə, o cümlədən hərbi mükəlləfiyyətlərə malik ola bilər. Azərbaycan vətəndaşının Rusiya qarşısında heç bir öhdəliyi yoxdur. Belə olan halda onun müharibəyə cəlb olunması absurddur və bu addımlar qəti şəkildə ittiham olunmalıdır."
Aydın Quliyev həmçinin qeyd edib ki, bu kimi qanunsuzluqların qarşısını almaq üçün hər bir vətəndaş yaşadığı və ya müvəqqəti olduğu ölkədə hüquqi prosedurları düzgün və ardıcıl şəkildə yerinə yetirməlidir: "Azərbaycan vətəndaşı xarici ölkədə yaşayırsa, həmin ölkənin qanunvericiliyinə uyğun olaraq rəsmi qeydiyyata düşməli və hüquqi statusunu müəyyənləşdirməlidir. Bu, hüquqazidd addımların qarşısının alınması üçün mühüm şərtdir".
Politoloq əlavə edib ki, belə hallar baş verdikdə Azərbaycan vətəndaşlarının hüquqları dövlət tərəfindən qorunmalıdır və bu istiqamətdə lazımi tədbirlər görülməlidir. Onun sözlərinə görə, hələlik bu mövzuda Azərbaycan tərəfinin hansısa rəsmi addım atıb-atmadığına dair məlumat yoxdur, lakin dövlətin vətəndaş maraqlarının qorunmasında hər zaman prinsipial mövqe tutduğunu qeyd edib: "Qeyri-hökumət təşkilatları, media və vətəndaş cəmiyyəti də bu məsələdə fəal mövqe sərgiləməlidir. Bundan başqa, Rusiyanın Azərbaycandakı səfirliyi ilə ünsiyyətdə olan ictimai-siyasi xadimlər bu halların yolverilməz olduğunu bildirməlidirlər."
Sonda politoloq vurğulayıb ki, belə hadisələr baş verdikdə yalnız reaksiya vermək kifayət etmir — həm də qabaqlayıcı tədbirlərin görülməsi, maarifləndirmə və hüquqi mexanizmlərin gücləndirilməsi vacibdir.
Mehriban Yariyeva
15:31 10.07.2025
Oxunuş sayı: 871