Pekinlə Bakı arasında strateji bağlar möhkəmlənir – DEPUTAT

Prezident İlham Əliyevin Çinə rəsmi səfəri Azərbaycan-Çin münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdi. Azərbaycan-Çin münasibətləri yeni mərhələyə qədəm qoyur. Prezident İlham Əliyevin Çin Xalq Respublikasına rəsmi səfəri və “CGTN” telekanalına verdiyi müsahibə isə bu strateji əlaqələrin gələcək inkişafına dair mühüm mesajlarla yadda qaldı.
Milli Məclisin deputatı Pərvanə Vəliyeva Prezident İlham Əliyevin Çinə səfəri və “CGTN” telekanalına verdiyi müsahibə ilə bağlı fikirlərini Crossmedia.az-a açıqlayıb. Deputat qeyd edib ki, dövlət başçısının Çinlə bağlı çıxışları iki ölkə arasında dostluq və strateji əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirir: “Altı ildən sonra yenidən baş tutan bu rəsmi səfər həm əvvəlki uğurların davamı, həm də yeni mərhələnin başlanğıcı oldu. Xüsusilə ötən ilin iyul ayında qəbul edilmiş Strateji Tərəfdaşlıq Haqqında Bəyannamə münasibətlərin tarixi mərhələyə keçdiyinin göstəricisidir”.
Pərvanə Vəliyeva əlavə edib ki, Azərbaycan daim “Vahid Çin” siyasətini qətiyyətlə dəstəkləyib və Tayvanda keçirilmiş qeyri-qanuni seçkiləri açıq şəkildə pisləyən ilk ölkələrdən biri olub. Bu mövqe son görüşdə imzalanmış “Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması Haqqında Birgə Bəyanat”da da öz əksini tapıb:
“20-dən artıq sənədin imzalanması Azərbaycanın iqtisadi inkişafı üçün yeni imkanlar yaradacaq. Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə ilk qoşulanlardan biri də məhz Azərbaycan olub. Bu əməkdaşlıq nəticəsində həm enerji, həm nəqliyyat, həm də texnologiya sahəsində əhəmiyyətli layihələr gerçəkləşdirilir.
Azərbaycan artıq Çin istehsalı olan 160 elektrik avtobusunu alıb və BYD markası ilə birgə illik 500 avtobus istehsalı üçün zavod qurulacaq. Məqsəd isə yaşıl nəqliyyat sisteminin formalaşdırılmasıdır”, – deyə deputat bildirib.
O, həmçinin qeyd edib ki, ölkələr arasında vizasız rejimin tətbiq olunması da əhəmiyyətli addımlardandır:
“Bu qərardan sonra Çindən gələn turistlərin sayı iki dəfə artıb. Eyni zamanda, Çin-Azərbaycan Universitetinin yaradılması məsələsi də gündəmdədir. Bütün bu proseslər bir daha göstərir ki, Çin və Azərbaycan arasında əməkdaşlıq təkcə siyasi yox, həm də iqtisadi, humanitar və təhsil sahələrində inkişaf edir”.
Deputat bildirib ki, Azərbaycanın beynəlxalq arenada Qlobal Cənubun fəal üzvü kimi mövqeyi Çinlə ortaq hədəflər əsasında formalaşıb:
“Qoşulmama Hərəkatı və COP29-da Azərbaycanın sədrlik missiyası bu istiqamətdə yeni fürsətlər açır. Çin bu əməkdaşlığa mühüm dəstək verir”.
Sonda Milli Məclisin deputatı vurğulayıb ki, bütün bu qarşılıqlı əlaqələr Azərbaycanın xarici siyasətində Çinə verilən önəmin və dostluq münasibətlərinin gələcəyə hesablandığının bariz nümunəsidir.
Həmayıl Şükürlü
14:23 30.04.2025
Oxunuş sayı: 1003