"Ərdoğanın şansı həm də ondadır ki, hazırda real alternativi yoxdur" - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, lideri olduğu Ədalət və İnkişaf Partiyasının (AK Partiya) artıq 24 ildir hakimiyyətdə olduğunu vurğulayaraq, partiyasının gələcəkdə də illərlə siyasi səhnədə möhkəm mövqe saxlayacağını bildirib. Prezident qeyd edib: "Daha bir müddət Türkiyənin və millətimizin xidmətində olacağıq".
Mövzu ilə Crossmedia.az-a politoloq Əli Mustafa açıqlama verib.
"Ədalət və İnkişaf Partiyası artıq 24 ildir ki, hakimiyyətdədir və bu illər ərzində kifayət qədər işlər görərək Türkiyəni gücləndirib. Xüsusilə, Türkiyənin hərbi güc-sənaye kompleksinin inkişafına böyük töhfələr verib. Lakin ölkədə, təbii ki, sosial problemlər də mövcuddur. Razı olan insanlar olduğu kimi, narazı qalanlar da var. Ona görə də, vəziyyəti tam olaraq bir tərəfli qiymətləndirmək düzgün olmaz".
Politoloq qeyd edib ki, Ərdoğan və partiyasının əsas üstünlüyü odur ki, qarşılarında ciddi bir müxalifət yoxdur. "Üstəlik, son hadisələr və ölkə daxilində baş verən proseslər, xüsusilə Cümhuriyyət Xalq Partiyasının daxilindəki fikir ayrılıqları, yeni başqana münasibətdəki qeyri-müəyyənlik, AKP-nin şansını artırır".
"Doğrudur, uzun illər hakimiyyətdə qalan hər bir partiya müəyyən qədər nüfuzunu itirir, xalq isə bəzən dəyişiklik istəyir. Amma Ərdoğanın şansı həm də ondadır ki, hazırda real alternativi yoxdur. Milliyyətçi Hərəkat Partiyası da onu dəstəkləyir və AKP ilə ortaqdır".
Əli Mustafa bildirib ki, ümumiyyətlə, dünya çox çətin bir dönəmdən keçir və belə bir zamanda Ərdoğan xarizmatik lider kimi Türkiyəni bir çox sıxıntılardan qorumağı bacarır. "Beynəlxalq arenada Türkiyənin təmsilçiliyi və nüfuzu, xüsusilə Güney Qafqaz və digər müsəlman ölkələri baxımından, olduqca önəmlidir. Ərdoğan dünya miqyasında qəbul edilən liderlərdən biridir. Bununla yanaşı, ölkə daxilində sosial məsələlər və əhalinin dolanışığı ilə bağlı ciddi problemlər qalmaqdadır. Amma müxalifətin rəqabət qabiliyyətinin zəif olması Ərdoğanın ümidlərini artırır".
Həmçin politoloq vurğulayıb ki, Ərdoğanın yaşı və səhhəti ilə bağlı müəyyən problemlər mövcuddur. "Bu səbəbdən gələcəkdə onu başqa bir siyasətçi əvəz edə bilər. Mənim fikrimcə, onun ən real davamçısı Hakan Fidandır. Düzdür, başqa namizədlər də meydana çıxa bilər, lakin hazırkı vəziyyətdə ən güclü alternativ məhz odur. Mümkündür ki, Ərdoğan özü geri çəkilib yerini ona versin. Amma səhhəti imkan verərsə, yəqin ki, prezident olaraq fəaliyyətini davam etdirəcək".
Xumar Emilqızı
16:57 15.08.2025
Oxunuş sayı: 1220