Rusiya səfirliyindən yanacaq qiymətləri ilə bağlı xəbərdarlıq
Rusiya neft və qazının ticarətinə məhdudiyyətlərin ABŞ-də yanacaq qiymətlərinin artmasına səbəb ola biləcəyi bildirilib.
Crossmedia.az xəbər verir ki, Rusiya Federasiyasının ABŞ-dəki səfirliyi bu barədə sosial şəbəkəsində paylaşım edib.
Səfirliyin açıqlamasında bildirilib ki, Rusiya neft və qazının ticarətinin məhdudlaşdırılması, xüsusilə Yaxın Şərqdən tədarükün azaldığı bir vaxtda enerji bazarlarında əlavə təzyiq yarada bilər. Səfirlik bunun ABŞ-də noyabr ayında keçiriləcək Konqresə aralıq seçkiləri ərəfəsində benzin qiymətlərinin artmasına gətirib çıxara biləcəyini iddia edib.
Açıqlamada ABŞ-də Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qanun layihəsinin arxasında dayanan yanaşmalar da tənqid olunub. Rusiya səfirliyi bu siyasətin ABŞ administrasiyasının enerji və iqtisadi sahədə qarşıya qoyduğu məqsədlərlə ziddiyyət təşkil etdiyini bildirib.
Səfirlik həmçinin ABŞ, Rusiya və Çin arasındakı münasibətlərdə yaranan gərginliyə toxunaraq, bunun Avropa-Atlantik məkanındakı bəzi qüvvələrin maraqlarına uyğun olduğunu iddia edib.
Qeyd edək ki, Çin tərəfi də ABŞ-nin Rusiya ilə əməkdaşlıq edən ölkələrə qarşı əlavə rüsumlar tətbiq etməsinə imkan verəcək yeni sanksiya təşəbbüsünə etiraz edib. Pekin birtərəfli məhdudlaşdırıcı tədbirlərə qarşı olduğunu və üçüncü ölkələrlə əməkdaşlığına müdaxilənin yolverilməzliyini bildirib.
09:35 18.09.2026
Oxunuş sayı: 48