Cüdo məşqçiliyi üzrə proqramın iştirakçılarına sertifikatlar təqdim olunub




Bu gün Beynəlxalq Cüdo Federasiyası (BCF) Akademiyasının cüdo məşqçiliyi üzrə proqramının iştirakçılarına sertifikatların təqdimolunma mərasimi keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbirdə gənclər və idman
naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr idarəsinin
müdiri Anar Bağırov, Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti
Elnur Məmmədli, ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu və ACF
prezidentinin müşaviri Natiq Bağırov iştirak ediblər.
Mərasimi giriş sözü ilə açan ACF-nin icraçı vitse-prezidenti
Rəşad Rəsullu dəstəyə görə BCF prezidenti Marius Vizerə, BCF Akademiyasının rəhbərliyinə,
eləcə də proqramın yerli dəstəkçiləri və ekspertlərinə təşəkkürünü bildirib. Təhsil
sahəsində fəaliyyətin ACF-nin ümumi strategiyasının əsas istiqamətlərindən biri
olduğunu vurğulayıb və növbəti ildən etibarən daha çox beynəlxalq
iştirakçıların qəbuluna şərait yaradılacağını qeyd edib. Yekunda Rəşad Rəsullu
iştirakçılara sabahkı imtahanlarda uğurlar arzulayıb.
BCF Akademiyasının direktoru Envik Qalea məşqçilərin
yaradılan imkanlardan maksimum yararlanaraq imtahanlardan uğurla keçəcəklərinə
inamını ifadə edib. O, həmçinin iştirakçıların hamısının bu gün keçirilən kata
imtahanını müvəffəqiyyətlə başa vurduğunu bildirib.
Yekunda proqrama qatılan məşqçilərə iştirakçı sertifikatları
təqdim olunub.
Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi
Fondu ilə Gənclər və İdman Nazirliyinin dəstəyi, Milli Olimpiya Komitəsi və Azərbaycan
Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə ölkəmizdə 5-ci dəfə baş tutan
proqrama Azərbaycanla yanaşı, Gürcüstan və Özbəkistandan olmaqla ümumilikdə 48
məşqçi qatılıb. İndiyə qədər isə sözügedən proqrama 245 yerli məşqçi təhsil
prosesinə cəlb edilib. Onlardan 168 nəfər imtahanları uğurla başa vuraraq beynəlxalq
məşqçilik diplomunu əldə ediblər.
18:32 15.08.2025
Oxunuş sayı: 772