Trampın viza qadağasına hüquqi zərbə

ABŞ prezidenti Donald Tramp administrasiyasının universitetlərdə təhsil alan əcnəbi tələbələrin hüquqi statusunu ləğv etməsi ilə bağlı yeni hüquqi mübarizə başlayıb.
Crossmedia.az ABŞ mediasına istinadən xəbər verir ki, Amerika Vətəndaş Azadlıqları Birliyi (ACLU) Nyu-Hempşir ştatının federal məhkəməsində Tramp administrasiyasına qarşı iddia qaldırıb.
İddiada qeyd olunur ki, əcnəbi tələbələrin ABŞ-da təhsil almasına imkan verən “F-1” tipli viza statusu 2025-ci ilin mart ayının əvvəlindən əsaslandırılmadan ləğv edilib.
Bununla bağlı məhkəməyə təqdim olunan sənədlərdə tələbələrin saxlanma və deportasiya riski ilə üzləşdiyi, həmçinin maddi və akademik baxımdan ciddi çətinliklər yaşadığı vurğulanır.
Universitetlər Tramp administrasiyasının birbaşa hədəfindədir. Son aylarda ABŞ-ın müxtəlif universitetlərində Fələstin tərəfdarı etirazlar fonunda müxtəliflik, bərabərlik və inklüzivlik proqramları ilə bağlı federal maliyyənin dondurulması məsələsi gündəmə gəlib. Bu qərarlar ölkənin elmi mühitinə siyasi müdaxilə kimi qiymətləndirilir.
Harvard Universitetinin professorları administrasiyanın təhsil müəssisəsinə ayırdığı 8,7 milyard dollarlıq federal vəsaitin araşdırılması qərarına qarşı məhkəməyə müraciət ediblər. Kolumbiya Universiteti isə 400 milyon dollarlıq maliyyənin kəsilməməsi üçün hökumət tələblərinə uyğun hərəkət edəcəyini açıqlayıb. Ötən ay isə Pensilvaniya Universitetinə ayrılacaq 175 milyon dollar vəsait transseksual bir idmançıya görə dayandırılmışdı.
Tələbələr bildirirlər ki, son dövrlərdə ABŞ universitet şəhərciklərində fikir azadlığına ən ciddi zərbəni, Fələstinlə bağlı mövqe sərgiləyən tələbələrə qarşı viza ləğvləri və deportasiya təhdidləri vurur.
Aybəniz Səfərova
12:29 20.04.2025
Oxunuş sayı: 536