Fransa və İsrail kəşfiyyat strukturları arasında gərginlik PİK HƏDDƏ

Fransa və İsrail kəşfiyyat strukturları arasında gərginlik artır.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Fransanın Suriyadakı kəşfiyyat şəbəkəsinin ifşa olunması və İsrailin Mossad təşkilatının Fransa kəşfiyyatına sızmaq cəhdləri beynəlxalq miqyasda qalmaqala səbəb olub.
Məlumata görə, Mossadın keçmiş rəhbərləri İsrail hökumətini tənqid edən açıq məktubla çıxış ediblər. Məktubda Baş nazir Benyamin Netanyahunun siyasəti sərt tənqid olunaraq, "Mossad artıq onun yanında deyil" mesajı verilib.
Fransız jurnalist Aleks Jordanovun 2019-cu ildə nəşr etdirdiyi "The Shadow Wars of DGSI" adlı kitab ölkədə böyük rezonans doğurmuşdu. Kitabda Fransa Daxili Kəşfiyyat Xidməti DGSI-nin bəzi silahlı milis üzvlərinə qarşı həyata keçirdiyi əməliyyatlarda qaydalara məhəl qoymadığı iddia olunurdu. Nəticədə, Jordanov 2022-ci ildə “milli müdafiə sirlərini açıqlamaq” da daxil olmaqla beş maddə ilə ittiham olunaraq saxlanılıb. O, məhkəmə prosesləri boyunca xəbər mənbələrini açıqlamaqdan imtina edib.
Jordanovun ardınca bir başqa jurnalist də Suriyada Fransa Xarici Kəşfiyyat Xidməti DGSE ilə Mossad arasında uğursuz birgə əməliyyatla bağlı məqalə dərc etdikdən sonra məhkəməyə verilib.
Açıqlandığı bildirilən bu məlumatlar həm Fransa prezidenti Emmanuel Makrona, həm də İsrail baş naziri Benyamin Netanyahunun daxildə ciddi təzyiqlərlə üzləşməsinə səbəb olub. Kəşfiyyat strukturları arasındakı bu qalmaqal iki ölkənin diplomatik münasibətlərinə də təsir edə bilər.
Aybəniz Səfərova
12:14 20.04.2025
Oxunuş sayı: 1242