Rusiya Avropaya uçuşlara qayıtmaq istəyir, lakin Aİ icazə vermir

Moskva ABŞ-ı hava sanksiyalarını ləğv etməyə inandırmağa çalışsa da, Avropa İttifaqı (Aİ) Rusiya aviaşirkətlərinə tam uçuş qadağasını qüvvədə saxlayır.
Crossmedia.az xarici medialara istinadən bildirir ki, Aİ-nin bu qərarı, Rusiya aviaşirkətlərinin beynəlxalq təhlükəsizlik standartlarına cavab verməməsi ilə əsaslandırılır. Xüsusilə, Rusiya hökumətinin xarici sahibkarlardan icarəyə götürülmüş təyyarələri məcburi şəkildə yenidən qeydiyyata alması və bu təyyarələrin etibarlı uçuş sertifikatları olmadan istismarına icazə verməsi ciddi narahatlığa səbəb olub. Bu səbəbdən, “Aeroflot”, “Rossiya”, “Pobeda”, “S7”, “Ural Airlines” və digər 15 Rusiya aviaşirkəti Aİ-nin “qara siyahısı”na daxil edilib.
Aİ-nin Nəqliyyat üzrə Komissarı Adina Vălean bildirib ki, bu qərar siyasi deyil, sırf texniki və təhlükəsizlik səbəblərinə əsaslanır. O, qeyd edib ki, bu addım “Beynəlxalq Mülki Aviasiya Konvensiyasının” pozulması və uçuş təhlükəsizliyinə birbaşa təhdid yaradır.
Bundan əlavə, Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) aviaşirkətlərə Moskva, Sankt-Peterburq və digər Rusiya şəhərlərinə uçuşlardan çəkinməyi tövsiyə edib. Bu tövsiyə, Ukrayna ilə davam edən münaqişə fonunda Rusiya hava məkanında mülki təyyarələrin təhlükəsizliyinə dair narahatlıqlarla əlaqədardır.
Rusiya tərəfi isə bu qərarları “siyasi motivli” adlandırır və Aİ-nin bu addımlarının beynəlxalq aviasiya razılaşmalarına zidd olduğunu bildirir.
Hazırda Rusiya aviaşirkətləri Aİ hava məkanına daxil ola bilmir və bu vəziyyətin yaxın gələcəkdə dəyişməsi gözlənilmir.
Zəhra Ağayeva
20:08 19.04.2025
Oxunuş sayı: 801