Polşa Fransanın nüvə silahlarına açıqdır

Polşa Prezidenti Andjey Duda, ölkəsinin yalnız ABŞ-nin nüvə silahlarını deyil, eyni zamanda Fransanın nüvə arsenalını da qəbul etməyə açıq olduğunu bildirib. Duda, Fransanın Avropa İttifaqı (Aİ) çərçivəsindəki müttəfiqlərini qorumaq məqsədilə nüvə qabiliyyətini genişləndirməsi təklifini dəstəklədiyini vurğulayıb.
“Bu iki fikir bir-birinə zidd deyil”, – deyə Duda Fransanın və ABŞ-nin nüvə silahlarının eyni zamanda Polşanı qorumasının mümkün olduğunu qeyd edib.
Crossmedia.az xarici KİV- ə istinadən xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron son açıqlamalarında, Fransanın nüvə çətirinin Aİ müttəfiqlərini də əhatə edə biləcəyini təklif etmişdi. Hazırda Fransa təxminən 300 döyüş başlığı ilə Aİ-nin yeganə nüvə silahlı dövləti və NATO-nun üç nüvə gücündən biridir.
Polşa, ABŞ-nin “Nuclear Sharing” (nüvə paylaşımı) proqramı çərçivəsində ölkəsində nüvə silahlarına ev sahibliyi etməyi ümid edir. Bu təşəbbüs, bölgədə artan təhlükəsizlik çağırışları fonunda gündəmə gəlib.
Mədinə Cəlilova
22:14 18.04.2025
Oxunuş sayı: 1112