Qəzza portreti “İlin Mətbuat Fotosu” seçildi

2025-ci il üzrə “İlin Mətbuat Fotosu” mükafatı sahibini tapıb. “The New York Times” qəzetinin fotoqrafı Səmar Əbu əl-Əluf İsrailin Qəzzaya hücumu zamanı qollarını itirmiş 9 yaşlı fələstinli uşağın portreti ilə bu nüfuzlu beynəlxalq mükafata layiq görülüb.
Crossmedia.az xəbər verir ki, münsiflər heyəti qalib fotonu “ucadan danışan səssiz foto” adlandırıb. Foto “Doqquz yaşında” (“Aged Nine”) adını daşıyır və əlil olmuş Mahmud Əccur adlı uşağın acı taleyini əks etdirir. Fotoqrafın sözlərinə görə, Mahmudun anasının danışdığı ən təsirli məqam uşağın qollarının kəsildiyini öyrəndiyi an verdiyi sual olub: “Sənə necə sarılacağam?”
Mahmud hazırda qollarını və azı 51 min fələstinli soydaşını itirdiyi hücumların ardından müalicə üçün Qətərin paytaxtı Dohaya təxliyə edilib.
Qeyd olunur ki, qalib fotoqraf Səmar Əbu əl-Əluf da Qəzzə sakinidir və hazırda Dohada ağır yaralı fələstinlilərin fotolarını çəkir.
Dünya Mətbuat Fotosu Fondunun icraçı direktoru Cümana əl-Zeyn Xuri bildirib: “Bu foto bir uşağın hekayəsini danışır, amma eyni zamanda nəsillər boyu davam edəcək daha genişmiqyaslı münaqişənin də simvoludur.”
Xatırladaq ki, ötən ilin qalib fotosu da Qəzza zolağındakı xəstəxana morqunda 5 yaşlı bacısı oğlunun bükülü nəşinə sarılıb ağlayan qadını əks etdirirdi.
Mədinə Cəlilova
21:45 17.04.2025
Oxunuş sayı: 1355