Neft sektorunda işsizlik qorxusu

Minlərlə Britaniya neft və qaz işçisi yaxın aylarda işini itirə bilər, amma onların çoxu bundan xəbərsizdir.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Britaniya hökumətinin “yaşıl enerji”yə keçid planları bu sahədə çalışan insanlara açıq şəkildə izah olunmayıb. Hökumət neft və qaz hasilatını azaltmaq və onun əvəzində günəş və külək enerjisinə keçmək istəyir. Bu isə Şimal dənizində işləyən minlərlə insanın işsiz qalması deməkdir.
İqlim dəyişiklikləri üzrə müstəqil məsləhətçi Emmə Pinçbek bildirib ki, Şotlandiyanın şimal-şərqində yerləşən Aberdin şəhərində işçilər bu dəyişikliklərin bu qədər tez olacağını gözləmirdilər. Onun sözlərinə görə, işçilərə bu keçid prosesi ilə bağlı düzgün məlumat verilməyib.
Şotlandiyanın Enerji Siyasəti üzrə Məşvərət Komissiyasının üzvü, iqtisadçı Ann Pettifor da deyib ki, bu regionda işçilər ciddi informasiya çatışmazlığı ilə üzləşirlər. Onun fikrincə, nə hökumət, nə də şirkətlər insanları gözləyən dəyişikliklərə hazırlaşdırır.
Böyük Britaniyanın enerji naziri Ed Miliband isə bildirib ki, hökumət neft və qazla bağlı işlər azaldıqca yeni enerji sahəsində çalışacaq işçiləri hazırlayacaq.
Lakin Leyborist Partiyası London və Edinburq arasında bu məsələdə tam razılığa gələ bilmir və müxalifət bu qarışıqlıqdan istifadə etməyə çalışır. Populist siyasətçi Naycel Faraj isə “Şimal dənizində nə qədər ehtiyat varsa, hamısından istifadə olunmalıdır” deyərək hökumətin yaşıl enerji siyasətini tənqid edib.
Ekspertlər isə xəbərdarlıq edirlər ki, bu qeyri-müəyyənlik çox böyük sosial və iqtisadi problemlərə səbəb ola bilər. Neft platformalarında çalışanlar təkcə istehsalat deyil, həm də nəqliyyat, təhlükəsizlik və digər dəstək sahələrində fəaliyyət göstərirlər. Bu işlərin yerini tək-tük yeni texnoloji işlər tuta bilməz.
Rəylər göstərir ki, insanlar “yaşıl enerji”yə keçidin yeni iş yerləri yaradacağına inanmırlar. Hökumət isə bu dəyişikliklərə inam yaratmaqda çətinlik çəkir.
Unite Həmkarlar İttifaqının təşkilatçısı Kler Peden bildirib ki, bir çox işçi hələ də işlərini itirəcəklərini düşünmür. Lakin bu dəyişikliklərin təsiri artıq hiss olunmağa başlayıb.
Fatimə Nəbiyeva
20:00 17.04.2025
Oxunuş sayı: 1006