Wow! deyə qışqırdıq, amma bəlkə də kainat bizə cavab vermişdi?

Çoxumuzun bir hadisədən təsirləndiyimizdə verdiyimiz reaksiya WOW! Çox normaldır.
Lakin 1977-ci ildə kainatdan gələn sirli WOW! siqnalı bir o qədərdə qeyri-adidir. Bəs bu siqnal nədir? Sadəcə təsadüf yoxsa başqa bir sivilizasiyadan planetimizə verilən salam?
Crossmedia.az xəbər verir ki,1977-ci ilin avqustunda ABŞ-nin Ohayo ştatında yerləşən “Big Ear” radioteleskopu tərəfindən qeydə alınan “Wow!” siqnalı elm dünyasını hələ də təəccübləndirir. Alimlər bu sirli radio siqnalının bəşəriyyətin yadplanetli ağıllı varlıqlarla ilk mümkün təması ola biləcəyini istisna etmirlər. Siqnal, SETI (Ağıllı Yadplanetli Həyat Axtarışı) layihəsi çərçivəsində çalışan amerikalı astronom Jerry Ehman tərəfindən aşkarlanıb. O, çap olunmuş məlumat vərəqəsində qeyri-adi intensivlikdəki siqnalı görərək kənarına “Wow!” yazıb. Bu səbəbdən siqnal həmin adla tarixə düşüb. 72 saniyə davam edən siqnal kainatın ən çox yayılmış elementi olan hidrogenin təbii yayım tezliyində – 1420 MHz-də qeydə alınıb. Alimlər hesab edirlər ki, yadplanetlilər potensial olaraq bu tezlikdən istifadə edə bilərdilər, çünki o, təbiətdə “universal bir kanal” sayılır.
“Wow!” siqnalı Oxatan (Sagittarius) bürcündən gəlsə də, mənbəsi hələ də dəqiqləşdirilməyib. 2022-ci ildə ispan tədqiqatçı Alberto Caballero siqnalın 1800 işıq ili uzaqlıqda yerləşən Günəşə bənzər bir ulduzdan – 2MASS 19281982-2640123-dən gəlmiş ola biləcəyini irəli sürüb. Lakin bu iddia hələlik rəsmi təsdiqini tapmayıb. Siqnalın bir daha təkrarlanmaması onun daha da müəmmalı qalmasına səbəb olub. Müxtəlif nəzəriyyələrə əsasən siqnalın mənşəyi texniki nasazlıq, təbii kosmik hadisə, hətta keçici kometa ola bilər. Lakin bu ehtimalların heç biri tam sübut edilməyib.
Elm ictimaiyyəti “Wow!” siqnalını bu gün də bəşəriyyətin kosmosdakı “ilk çağırış”ı kimi qiymətləndirir və onun sirrini açmaq üçün araşdırmalar davam edir.
Aydan Cəbrayılova
19:13 17.04.2025
Oxunuş sayı: 1066