UNICEF: Qəzzaya yardımlar dərhal buraxılmalıdır

İsrail rəsmiləri bildirirlər ki, Qəzzaya tətbiq edilən blokada HƏMAS-ın resurslarını məhdudlaşdırmaq və 2023-cü ilin 7 oktyabrında İsrailin cənubuna edilən hücum zamanı girov götürülən israilli vətəndaşların azad edilməsi üçün silahlı qruplaşmaya təzyiq məqsədi daşıyır.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, BMT və beynəlxalq yardım təşkilatları bu blokadanın bölgədə humanitar fəlakətə səbəb olduğunu vurğulayır.
UNICEF-in Yaxın Şərq və Şimali Afrika üzrə regional direktoru Eduard Beigbeder vəziyyətin kritik olduğunu bildirib. Onun sözlərinə görə, “UNICEF-in Qəzza zolağına daxil olmaq üçün gözləyən minlərlə yardım paleti var. Bu yardımların əksəriyyəti həyat qurtarıcıdır, lakin hazırda anbarlarda saxlanılır. Yardımlar dərhal buraxılmalıdır. Bu, seçim və ya xeyriyyəçilik məsələsi deyil, beynəlxalq hüquqa əsaslanan öhdəlikdir”.
Keçən həftə BMT-nin yeddi əsas humanitar təşkilatının rəhbərləri birgə bəyanatla çıxış edərək, Qəzzada mülki əhalinin müdafiəsi üçün təcili tədbirlərin görülməsinə çağırıblar.
Bəyanatda qeyd olunub: “Biz Qəzzada insan həyatına məhəl qoymayan müharibə aktlarının şahidi oluruq”.
Zəhra Ağayeva
15:47 17.04.2025
Oxunuş sayı: 882