Yuxu pozuntularının beyinə təsiri aşkarlanıb
Alimlər yuxu pozuntularından əziyyət çəkən insanlarda beynin diqqət, qərarvermə və emosiyaların tənzimlənməsi ilə əlaqəli bəzi nahiyələrində struktur dəyişiklikləri və həcm azalması aşkar ediblər.
Crossmedia.az xəbər verir ki, ABŞ-nin Florida Beynəlxalq Universiteti (FIU) bu barədə məlumat yayıb.
Universitetin tədqiqatçıları maqnit-rezonans tomoqrafiyası (MRT) vasitəsilə aparılmış 57 elmi araşdırmanın nəticələrini təhlil ediblər. Müəyyən olunub ki, yuxusuzluq, yuxu apnesi, yuxuda gəzmə və digər yuxu pozuntuları beynin müəyyən hissələrində struktur dəyişiklikləri ilə əlaqəlidir.
Araşdırma zamanı müxtəlif yuxu pozuntuları üzrə beynin talamus adlanan nahiyəsində oxşar dəyişikliklər aşkarlanıb. Bu nahiyə informasiyanın emalı, diqqətin cəmlənməsi və idrak proseslərinin idarə olunmasında mühüm rol oynayır.
Alimlərin fikrincə, həmin dəyişikliklər yuxu pozuntusu olan insanların daha gec reaksiya verməsini, qərar qəbul etməkdə çətinlik çəkməsini və daha çox səhvə yol verməsini qismən izah edə bilər.
Yuxuda gəzmə, gecə kabusları və digər parasomniyalardan əziyyət çəkən şəxslərdə isə beynin arxa qurşaq qabığında əlavə struktur dəyişiklikləri müəyyən edilib. Bu nahiyə motivasiya, qərarvermə və emosiyaların tənzimlənməsi ilə əlaqəlidir.
Tədqiqatçılar bildirirlər ki, əldə olunan nəticələr yuxu pozuntularının beyinə təsirinin daha yaxşı öyrənilməsinə, gələcəkdə diaqnostika və müalicə üsullarının təkmilləşdirilməsinə kömək edə bilər.
Bununla belə, araşdırma yuxu pozuntuları ilə beyindəki dəyişikliklər arasında əlaqəni göstərir, onların birbaşa səbəb-nəticə münasibətini sübut etmir.
10:38 11.11.2026
Oxunuş sayı: 39