Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında danışıqlar başlayır
Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında Əbu-Dabidə üçtərəfli danışıqların saat 11:50-də başlanması planlaşdırılır.
Crossmedia.az xəbər verir ki, bu barədə “Politico” nəşrləri məlumat yayıb.
Rusiya nümayəndə heyətinə Prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edir. O, 2022 və 2025-ci illərdə İstanbulda keçirilən görüşlərdə, eləcə də Cenevrədəki təmaslarda Moskvanın danışıqlar qrupuna başçılıq edib.
Ukrayna nümayəndə heyətinə isə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov rəhbərlik edir. Heyətə Prezident Ofisinin rəhbəri Kirill Budanov, onun birinci müavini Sergey Kislitsa və Ali Radada “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya da daxildir.
ABŞ-ni danışıqlarda Prezident Donald Trampın xüsusi elçisi Stiv Uitkoff və onun kürəkəni Cared Kuşner təmsil edəcək.
Görüşlərdə əsas müzakirə mövzularının müharibədən sonrakı təhlükəsizlik təminatları, gərginliyin azaldılması, humanitar məsələlər və sülhə nail olmaq üçün növbəti addımlar olacağı gözlənilir. ABŞ dövlət katibi Marko Rubio Ukrayna üçün təhlükəsizlik təminatlarını danışıqların əsas mövzularından biri kimi göstərib.
Kremlin sözçüsü Dmitri Peskov isə Rusiyanın da öz təhlükəsizlik təminatlarını müzakirə etmək niyyətində olduğunu bildirib. Onun sözlərinə görə, bu təminatlar qarşılıqlı olmalıdır.
“Politico”nun ABŞ rəsmilərinə istinadən yazdığına görə, danışıqların ilk günü Ukrayna üçün təhlükəsizlik təminatları və Avropada təhlükəsizlik arxitekturasının mümkün yenidən qurulması məsələlərinə həsr olunacaq. İkinci gün isə ərazi məsələləri, o cümlədən sərhədlər və demarkasiya xətləri müzakirə ediləcək.
ABŞ administrasiyası növbəti danışıqlar mərhələsində Avropa ölkələrinin də prosesə cəlb olunması üçün Rusiyaya təzyiq göstərməyə çalışır. Bununla belə, Avropa nümayəndələrinin Əbu-Dabidə keçirilən əsas üçtərəfli danışıqlarda birbaşa iştirak etməsi gözlənilmir.
Məlumata görə, Böyük Britaniya, Almaniya və Fransanın milli təhlükəsizlik üzrə müşavirləri, həmçinin İtaliya, NATO, Avropa Komissiyası və Avropa Şurasının nümayəndələri Əbu-Dabidə olacaqlar. Onların tərəflərlə ayrıca görüşlər keçirməsi nəzərdə tutulur.
11:27 10.11.2026
Oxunuş sayı: 102