Fransa İranı supermarketlərin soyuducularına kiberhücumda ittiham edir
Fransa İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) ölkə üzrə yüzlərlə supermarketin soyuducu və dondurucu sistemlərinə kiberhücum təşkil etməkdə ittiham edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.
Fransanın xarici işlər naziri Jan-Noel Barro hücumu miqyasına və aqressivlik səviyyəsinə görə görünməmiş hadisə adlandırıb. O bildirib ki, məsul şəxslərə qarşı Avropa səviyyəsində sanksiyalar tətbiq edilə bilər. İran isə hələlik ittihamlara münasibət bildirməyib.
Hücum oktyabrın 11-də baş verib. Hakerlər supermarketlərdəki soyuducu qurğuların temperaturunu tənzimləyən proqram təminatına nəzarəti ələ keçiriblər. Nəticədə yüzlərlə mağazada ərzaq məhsulları xarab olub və zərərin milyonlarla avro olduğu bildirilir.
“Coopérative U” şəbəkəsinin 100-dən çox, “Intermarché” və onun “Netto” brendinin isə 180 mağazası hücuma məruz qalıb. “Carrefour”, “Monoprix” və “E.Leclerc” mağazaları da hədəf olub. Bəzi mağazalarda soyuducuların temperaturunun gecə ərzində 50 dərəcəyədək yüksəldiyi bildirilir.
Barro İranın Parisdəki səfirinin Xarici İşlər Nazirliyinə çağırıldığını və ona kəskin etiraz bildirildiyini açıqlayıb. Fransa prokurorluğu isə SEPAH-la əlaqəli “Şəhid Kavə” adlı kiberhücum qrupunun rəhbəri və iki müavini barəsində araşdırmaya başlayıb.
Bundan başqa, ötən həftə Belçika və Lüksemburq da daxil olmaqla, bir sıra Avropa ölkələrində 100-dən çox supermarketin soyuducu sistemlərinə hücum edilib. Hadisələrin Fransa hücumu ilə əlaqəli olub-olmadığı hələ məlum deyil.
06:20 10.11.2026
Oxunuş sayı: 129