“Nvidia” rəhbərinin casusluq şübhəsi doğuran münasibəti araşdırılır
“Nvidia” şirkətinin baş icraçı direktoru Jensen Huangın Çin üçün casusluqda şübhəli bilinən Alice Huangla münasibəti ABŞ-də milli təhlükəsizlik narahatlıqlarına səbəb olub.
Crossmedia.az xəbər verir ki, “BBC” bu barədə məlumat yayıb.
“New York Times” nəşrinin məlumatına görə, ABŞ-nin kəşfiyyat rəsmiləri Alice Huangın Pekin üçün casusluq etdiyindən şübhələniblər. Onun Jensen Huangla yaxın münasibətdə olduğu bildirilir.
“Nvidia” məsələ ilə bağlı müstəqil araşdırmaya başlayıb. Şirkət ABŞ-nin milli təhlükəsizliyinin təhlükə altında olduğunu düşünmədiyini və Jensen Huangın rəhbərliyinə etimad göstərdiyini açıqlayıb.
Alice Huang 2023-cü ildə Sinqapurda yerləşən “Megaspeed” məlumat mərkəzi şirkətində rəhbər vəzifədə çalışıb. Şirkət “Nvidia” çiplərinin Çinə yönləndirilməsinə kömək etməkdə şübhəli bilinsə də, “Nvidia” bu iddiaların əsassız olduğunu bildirib.
Çin casusluq ittihamlarını rədd edib. ABŞ Prezidenti Donald Tramp isə Jensen Huangı “şərəfli insan” adlandırıb.
Məsələ ABŞ və Çin arasında süni intellekt sahəsində rəqabətin gücləndiyi dövrə təsadüf edir. ABŞ 2022-ci ildən qabaqcıl texnologiyaların Çinə ixracına məhdudiyyətlər tətbiq edir. Huang daha əvvəl şirkətin Çindəki bazar payının 95 faizdən faktiki olaraq sıfıra düşdüyünü bildirmişdi.
05:30 10.11.2026
Oxunuş sayı: 143