Qalibaf: Tramp müharibənin yeni mərhələsinə hazırlaşır
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ Prezidenti Donald Trampın İranla müharibənin növbəti mərhələsinə hazırlaşdığını iddia edərək Vaşinqtonun İsraili prioritet hesab edən siyasətini tənqid edib.
Crossmedia.az xəbər verir ki, Məhəmməd Baqir Qalibaf bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Uduzduğunu bilsə də, qumar masasından ayrıla bilməyən oyunçu kimi davranır. ABŞ İsraili birinci yerə qoyan siyasətinə görə uçurumun kənarında olduğu halda, rəhbəriniz müharibənin növbəti mərhələsinə hazırlaşır. Uzun-uzadı çıxışları bir kənara qoyun. Niyə bunları rəhbərinizin özünə demirsiniz?” – deyə Qalibaf bildirib.
Onun bu sözləri ABŞ vitse-prezidenti Cey Di Vensin Respublikaçılar Partiyasının Konqres seçkilərindəki məğlubiyyəti barədə açıqlamasına cavab olub.
Vens seçkilərdəki məğlubiyyətin əsas səbəblərindən biri kimi İranla müharibəni göstərib. O, seçicilərin müharibənin dayandırılmasını və ABŞ-nin İsraillə münasibətlərinə yenidən baxılmasını istədiklərini bildirib.
15:13 05.11.2026
Oxunuş sayı: 73