Sanksiyalar sərtləşir, İran iqtisadiyyatı sıxılır: “Çöküş sürətlənə bilər”
İran iqtisadiyyatı uzun illərdir davam edən beynəlxalq sanksiyalar, məhdud ticarət imkanları və valyuta təzyiqləri fonunda ciddi problemlərlə üzləşir. Son dövrdə isə geosiyasi gərginliyin artması, iqtisadi əməkdaşlıq imkanlarının məhdudlaşması və sanksiyaların sərtləşdirilməsi ölkənin onsuz da mürəkkəb olan iqtisadi vəziyyətinə əlavə təzyiqlər yaradır. Xüsusilə neft gəlirlərindən asılılıq, milli valyutanın dəyər itirməsi və yüksək inflyasiya İran iqtisadiyyatının qarşısında duran əsas çağırışlar sırasındadır.
İranın iqtisadi vəziyyətini ağırlaşdıran digər amil ölkənin xarici ticarət və maliyyə imkanlarına tətbiq edilən məhdudiyyətlərin üçüncü ölkələrə də təsir etməsidir. ABŞ-nin İranla iqtisadi əməkdaşlıq edən tərəflərə qarşı təzyiq mexanizmlərindən istifadə etməsi Tehranın ticarət tərəfdaşlarının dairəsini daraldır və iqtisadi əlaqələrin qurulmasını çətinləşdirir. Bu proses uzun müddət davam edərsə, İranın iqtisadi artım imkanlarının daha da zəifləməsi və ölkənin müəyyən iqtisadi-siyasi yumşalmalara getmək məcburiyyətində qalması ehtimalı müzakirə olunur.
Mövzu ilə bağlı iqtisadçı Eyyub Kərimli Crossmedia.az-a açıqlamasında bildirib ki, uzunmüddətli və sərtləşən sanksiyalar İran iqtisadiyyatının üzləşdiyi problemləri daha da dərinləşdirə bilər:

“İran iqtisadiyyatı uzun müddətdir ki, sanksiyalara məruz qalıb. Bu, yeni məsələ deyil; hesab edirəm ki, 20 ildən çoxdur İran iqtisadiyyatı ciddi sanksiyalarla üz-üzədir. Təcrübə göstərir ki, İranda ciddi iqtisadi problemlər var. Əhalinin, xüsusilə də gənclərin arasında işsizlik səviyyəsi 50%-dən çoxdur. İranda inflyasiya hazırda 100%-i ötmüşdür, İran rialı ciddi dəyərsizləşir və devalvasiyaya uğrayır.
Əlbəttə ki, bütün bunlar iqtisadi cəhətdən İranı daha çətin vəziyyətə salır. Lakin son hadisələr onu deməyə əsas verir ki, İran iqtisadiyyatı hələ də öz qapanıqlığını davam etdirir. Bütün münaqişələrə baxmayaraq, hazırda İran iqtisadiyyatında daralma və çətinliklər mövcuddur. Əlbəttə ki, indiki vəziyyət əvvəlki illərdəki vəziyyətdən ciddi formada fərqlənir. Belə ki, artıq sanksiyalar daha ciddi formada tətbiq olunur. Digər tərəfdən, İranın iqtisadi əməkdaşlıq etdiyi ölkələrlə bağlı ciddi məhdudiyyətlər mövcuddur; Amerika Birləşmiş Ştatları İranla ticarət edən digər ölkələrə də ciddi təzyiqlər göstərir.
Əlbəttə, bu durum uzun müddət davam etsə, hesab edirəm ki, İran iqtisadiyyatı üçün yaxşı nəticələrə səbəb olmayacaq. Bir tərəfdən neftin dünya bazarındakı qiymətinin ucuzlaşması, digər tərəfdən Hürmüz boğazının bağlanması riski İran iqtisadiyyatına mənfi təsir göstərir. Davam edən siyasi münaqişələr bu gün İranı daha ciddi sınağa çəkir.
Bu baxımdan, sanksiyaların daha uzun müddət davam etməsi və şiddətlənməsi İran iqtisadiyyatının çöküşünü sürətləndirə bilər. Düşünürəm ki, bu amillər İranın müəyyən yumşalmalara getməsinə öz təsirini göstərə bilər”.
Zeynəb Həsən
20:30 06.10.2026
Oxunuş sayı: 60