Orta Dəhlizdən enerji əməkdaşlığına: Azərbaycan Mərkəzi Asiyada güclənir
Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığında yeni mərhələ başlayır. Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən CAMCA 2026 Regional Forumunda Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına qoşulması ilə bağlı yekdil qərarın alındığını açıqlayıb. O, bu addımı Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərində yeni əməkdaşlıq imkanları yaradan proses kimi xarakterizə edib. “C5+1” formatının genişlənməsi xüsusilə nəqliyyat və kommunikasiya əlaqələrinin inkişafı baxımından diqqət çəkir. Hikmət Hacıyev Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin yeni nəqliyyat əlaqələrinin yaradılması üzərində işlədiyini, Çindən Qərbə və əks istiqamətdə uzanan bağlantıların inkişaf etdirildiyini bildirib. Bu proses fonunda Orta Dəhliz, qarşılıqlı ticarət, investisiya və enerji əməkdaşlığı Azərbaycan üçün yeni iqtisadi imkanlar yarada bilər.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən iqtisadçı Eyyub Kərimli bildirib ki, Azərbaycanın “C5+1” formatında iştirakının genişlənməsi ölkənin Mərkəzi Asiya ilə iqtisadi əlaqələrini yeni mərhələyə çıxara bilər.

İqtisadçı qeyd edib ki, Azərbaycanın “C5+1” formatında iştirakının genişlənməsi ölkəmizin Mərkəzi Asiya ilə iqtisadi əlaqələrini yeni mərhələyə çıxara bilər: "Burada əsas imkanlardan biri Orta Dəhlizin inkişafıdır. Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında əsas tranzit qovşaqlarından biri kimi yükdaşımaların artmasından əlavə logistika və tranzit gəlirləri əldə edə bilər. İkinci mühüm istiqamət qarşılıqlı ticarət və investisiyalardır. Kənd təsərrüfatı, sənaye, logistika, rəqəmsal iqtisadiyyat və yaşıl enerji sahələrində birgə layihələrin sayı arta bilər. Xüsusilə Mərkəzi Asiyanın enerji resurslarının Azərbaycan üzərindən Avropa bazarlarına çıxarılması perspektivi ölkəmizin regional enerji mərkəzi rolunu gücləndirə bilər".
İqtisadçı qeyd edib ki, ümumilikdə, bu əməkdaşlıqdan ən çox nəqliyyat-logistika, enerji, ticarət, kənd təsərrüfatı və rəqəmsal xidmətlər faydalana bilər: "Azərbaycan üçün əsas iqtisadi üstünlük isə ölkənin Mərkəzi Asiya ilə Avropa arasında təkcə tranzit ölkə deyil, həm də ticarət, investisiya və logistika mərkəzinə çevrilməsi ola bilər".
Zeynəb Həsən
16:45 02.10.2026
Oxunuş sayı: 46